Azərbaycan təsviri sənətində neft ən çox müraciət olunan mövzulardan biridir. Tahir Salahov başda olmaqla bir çox ustad sənətkarlar, o cümlədən Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Cəmil Müfidzadə, Nadir Qasımov və başqaları, eləcə də çağdaş dövrün orta və gənc nəsillərini təmsil edən rəssamlar bu mövzuda silsilə əsərlər çəkiblər. Müxtəlif müəlliflərin neftlə bağlı fərdi və qrup sərgiləri keçirilib, muzey və qalereyalarda tematik ekspozisiyaları təşkil edilib.
Budəfəki sərgidə nümayiş olunan əsərlərin isə konkret müəllifləri yoxdur. Onlar “4-cü sənaye inqilabı” çağının “ən çox tanınan müəllifi” – süni intellekt (Artificial Intelligence – AI) tərəfindən ərsəyə gətirilib. Belə bir sərgi də neft şəhəri Bakıda ilk dəfə təşkil edilib.
Fevralın 7-də paytaxtın “Ağ Şəhər” rayonundakı “D’ART Gallery”də Nigar Manaflının “Neftin irsi” (The Heritage of Oil) adlı müasir süni intellekt sərgisinin açılışı keçirildi.
“Neftin irsi” – neft və qaz sənayesində 15 ilə yaxın peşəkar yolun, bu illər ərzində formalaşmış sənaye təcrübəsinin və müasir süni intellekt texnologiyalarının vəhdətindən yaranan konseptual AI-art layihəsidir.
Açılış tədbirində “D’ART Gallery”nin direktoru, sənətşünas Dilarə Müzəffərli, Xalq rəssamı, professor Arif Hüseynov, “Turan Diriling” şirkətinin baş buruq rəisi Aydın Yaqubov çıxış edərək sərginin əhəmiyyətindən danışdılar, ilk dəfə belə bir layihəni ictimaiyyətə təqdim edən Nigar Manaflıya uğurlar arzuladılar.
Dilarə Müzəffərli diqqətə çatdırdı ki, bu layihə Azərbaycanda süni intellekt sənətinin ilk ictimai təqdimatlarından biri kimi ölkənin zəngin neft tarixini fərdi və bədii prizma vasitəsilə yenidən təqdim edir.
Xalq rəssamı Arif Hüseynov süni intellektin köməyi ilə ərsəyə sənət layihəsini maraqla qarşıladığını vurğulayaraq, gələcəkdə Azərbaycanın təbii gözəllikləri. mədəni zənginliyi ilə də bağlı belə tematik silsilənin yaradılmasını tövsiyə etdi. Sənətkar eyni zamanda vurğuladı ki, süni intellekt və müasir texnoloji imkanlar hər nə qədər bu cür yeniliklər ortaya qoysa da, onlar, təbii ki, əsl rəssam fırçasını əvəz edə bilməz. Bununla belə, sənətə belə müasir baxışları da təqdir etmək lazımdır.
Layihənin rəhbəri Nigar Manaflı hər kəsə xoş arzularına görə təşəkkürünü bildirərək qeyd etdi ki, “Neftin irsi” texniki biliklə şəxsi yaddaşı birləşdirərək sənaye irsini müasir vizual dilə çevirir və tamaşaçını texnologiya ilə insan təcrübəsi arasındakı sərhədlər haqqında düşünməyə dəvət edir.
Nigar Manafli 2013-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini geoloji kəşfiyyat ixtisası üzrə bitirib. Həmin ildən ofşor platformalarda (açıq dənizdə üzən qazma qurğusu) çalışan ilk azərbaycanlı qadın karotaj mütəxəssislərindən biri kimi peşə fəaliyyətinə başlayıb. 2023-cü ildə texniki xidmət üzrə rəhbər vəzifəsinə təyin olunub. Hazırda ofşor platformalarla peşəkar əlaqəsini davam etdirir, texniki auditlər çərçivəsində vaxtaşırı platformalara gedir.
Sənaye, risk, məsuliyyət və təbiətlə üz-üzə formalaşan bu təcrübə zamanla daxili vizual yaddaşa çevrilib və onu bədii şəkildə ifadə etmək ehtiyacı yaradıb. Məhz bu təcrübə “Neftin irsi” layihəsinin yaranmasına ilham verib. Layihə ofşor platforma həyatının gizli qalan tərəflərini üzə çıxarır: miqyas, metal konstruksiyaların ritmi, yüksək risklə yanaşı gələn səssiz məsuliyyət, fırtınaların gücü, gecə növbələrinin sükutu və insanla dəniz arasındakı səssiz dialoq.
Fevralın 10-dək davam edən sərginin ekspozisiyasında 29 əsər yer alıb.
Vüqar Orxan


























