Litvanın Baş naziri İnqa Ruqiniene ölkəmizə səfər proqramı çərçivəsində aprelin 9-da Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.
Qonağa Azərbaycan xalçaçılıq sənəti haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Qeyd olunub ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.
Diqqətə çatdırılıb ki, tətbiqi sənətin nadir nümunələrinin toplandığı Azərbaycan Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb. 26 avqust 2014-cü ildə Dənizkənarı Milli Parkın ərazisində indiki binanın açılışı keçirilib.
Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Burada xalça və xalça məmulatları, metal, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur və bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün ideal şərait yaradılıb.
Muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyaları ilə Azərbaycanın 7 əsas məktəbini - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəblərini təmsil edir.
Qonaq muzeydə xalçatoxuma prosesi ilə tanış olub.
Baş nazir İnqa Ruqinieneyə Azərbaycanın milli geyimləri və qədim kəlağayı sənəti haqqında da məlumat verilib. Həmçinin burada nümayiş olunan “Zəfər” xalçası haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu xalça 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə həsr olunub.
Daha sonra qonaq muzeyin Qarabağ interyeri ilə tanış olub.
Sonda Litvanın Baş naziri muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
























