Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, aparıcı bədii kollektivlərin iştirakı ilə mart ayında başlanan qastrol proqramının aprel ayı üzrə təqvimi də zəngindir.
Bu ay qastrollar Xırdalan, Lənkəran, Sumqayıt, Xızı, Mingəçevir və Zaqatala şəhərlərini əhatə edir.
Qastrol proqramına uyğun olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı aprelin 15-də (saat 15:00) Lənkəran şəhərində, Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində çıxış edəcək.
Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri isə aprelin 23-də (saat 17:00) Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində konsert proqramı təqdim edəcək.
Ölkənin aparıcı bədii kollektivlərin iştirakı ilə ilk dəfə ölkə miqyasında reallaşan təşəbbüsün məqsədi regionlarda mədəni həyatın canlandırılması, yüksək səviyyəli incəsənət nümunələrinin daha geniş auditoriyaya təqdim olunması və ölkə üzrə vahid mədəni məkanın möhkəmləndirilməsidir. Qastrol proqramı may ayında da davam edəcək.





















