C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında Xalq yazıçısı Elçinin (1943–2025) “Stalin” pyesi əsasında tamaşa hazırlanır. 

“Stalin – İzm” adlı tamaşaya Əməkdar mədəniyyət işçisi İftixar Piriyev quruluş verir. O, qeyri-səlis məntiq sistemi ilə hazırlanan tamaşanın konsepsiyası haqqında məlumat verib.

Qeyd edib ki, tamaşada Stalin repressiyasına məruz qalmış xalqların, o cümlədən də Azərbaycanın elm və sənət xadimlərinin taleyindən qara xətt kimi keçən dramatik və faciəvi hadisələr müasir teatr ifadə vasitələri ilə mizanlaşdırılır.

“Qlobal mədəni mühit mlli koloritlə yoğrularaq səhnə təcəssümünə çevrilir. Acı talelərin canlı faciəsini əhatə edən gərgin hadisələr cərəyanı ilə zənginləşən epizodlar biri digərini əsaslandıran ştrixlərlə öz dinamikasını inkişaf etdirir. Bu proses müəllifin Stalin personajı tipində və onun ideoloji düsturunda formalaşdırdığı dramaturji materialdan irəli gələn, “sovetlər ölkəsi”nin “həbsxana cəmiyyəti” strukturunda idarə edilməsinə ömrünü vermiş qaniçən vandalın həyat hekayəsini eskizləyən tablosunda, müəllufin orijinal formada qurduğu səhnə-oyun üslubunda – Elçin teatrı strukturuna uyğun təzahürdə səciyyələnir. Bu orilunal yaradıcılıq prosesi müəllifin rejissor təxəyyülü ilə paralelləşən duyğusal hisslər məcmusudur", – deyə İftixar Piriyev bildirib.

Tamaşada obrazları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Esmiralda Şahbazova, Xatirə Süleymanova və digər aktyorlar canlandırır.

Premyeranın mayın 13-də (Xalq yazıçısı Elçinin doğum günü – red.) Keçirilməsi planlaşdırılıb.