Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, aparıcı bədii kollektivlərin iştirakı ilə gerçəkləşən ölkə miqyaslı qastrol proqramı aprel ayında davam edir.

Təşəbbüsün məqsədi regionlarda mədəni həyatın canlandırılması, yüksək səviyyəli incəsənət nümunələrinin daha geniş auditoriyaya təqdim olunması və ölkə üzrə vahid mədəni məkanın möhkəmləndirilməsidir.

Qastrol proqramına uyğun olaraq Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri aprelin 11-də (saat 15:00) Xırdalan şəhərində, Abşeron rayon Mədəniyyət Mərkəzində çıxış edəcək.

Orkestrin növbəti konserti aprelin 18-də (saat 15:00) Sumqayıt şəhərindəki “Kimyaçı” Mədəniyyət Sarayında olacaq.

Qeyd edək ki, 1932-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü və xeyir-duası ilə Azərbaycan Dövlət Radio Komitəsinin (1956-cı ildən Azərbaycan Televiziyası və Radiosunun) musiqi kollektivi olaraq yaradılan simfonik orkestr 1985-ci ildən maestro Niyazinin adını daşıyır. Orkestr 2023-cü ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib və Heydər Əliyev Sarayının musiqi kollektivi kimi fəaliyyətini davam etdirir.

Orkestrə Əşrəf Həsənov, Ramiz Məlik-Aslanov kimi tanınmış dirijorlar rəhbərlik ediblər. 2023-cü ilin dekabrından Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri-baş dirijoru Xalq artisti Yalçın Adıgözəlovdur.