Prezident İlham Əliyev: “Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığı məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirdi”

6 fevral Türkiyə tarixində ən böyük təbii fəlakətin, 53 mindən çox insanın həyatına son qoyan zəlzələnin üçüncü ildönümüdür.

2023-cü il fevralın 6-da yerli vaxtla gecə saat 4:17 radələrində Türkiyənin cənub-şərqində – episentri Kahramanmaraşın Pazarcık rayonunda olan 7,7 bal gücündə zəlzələ ölkənin 10-a yaxın vilayətində minlərlə insanı dağıntılar altında qoydu.

Zəlzələnin ağır şoku içində olan bölgələr həmin gün yerli vaxtla saat 14:24-də yenə mərkəzi Kahramanmaraş (Elbistan rayonu) olan 7,6 bal gücündə yeraltı təkanla sarsıldı.

Zəlzələ Türkiyənin Kahramanmaraş, Hatay, Kilis, Diyarbəkir, Adana, Osmaniyə, Qaziantep, Şanlıurfa, Adıyaman və Malatya vilayətləri ilə yanaşı, qonşu Suriyada da böyük dağıntı və tələfat törətdi.

Azərbaycan təbii fəlakətdən dərhal sonra qardaş ölkəyə yardım əlini uzatdı.  Azərbaycandan göndərilən texniki heyət də heyət də həftələrlə sürən axtarış-xilasetmə işlərində yaxından iştirak etdi.

Açıqlanan rəqəmlərə görə, Türkiyədə 2023-cü ilin 6 fevral zəlzələləri nəticəsində 53 min 500-dən çox insan həlak olub. 100 mindən çox adam xəsarət alıb.

Yeraltı təkanlar zamanı ümumilikdə 40 minə yaxın bina dağılmış, yüz minlərlə insan ev-eşiksiz qalmışdı. Dünya Səhiyyə Təşkilatı da bu zəlzələləri bölgənin ən böyük fəlakəti kimi qiymətləndirmişdi.

***

Azərbaycan qardaş ölkədə zəlzələnin nəticələrinin aradan qaldırılmasında da yaxından iştirak edib. Ölkəmiz tərəfindən Kahramanmaraş vilayətində “Azərbaycan” məhəlləsi salınıb. 

Azərbaycan-Türkiyə qardaşlığı məhz belə çətin məqamda bir daha öz real mahiyyətini nümayiş etdirdi – bu fikir 6 fevral  zəlzələsinin üçüncü ildönümü ilə bağlı Prezident İlham Əliyevin həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda vurğulanır.

Dövlətimizin başçısı dəhşətli faciə nəticəsində həlak olmuş insanların əziz xatirəsini bir daha ehtiram yad edərək bildirib ki, bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu: “Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı.

Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirdi. Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında oldu, dəstək və yardım əlini uzatdı".

Məktubda vurğulanır ki, qardaşlıq borcumuzun təzahürü olaraq Azərbaycan Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verib, burada “Azərbaycan” məhəlləsinin salınmasında yaxından iştirak edib.

“Qardaş ölkənin bərpa və quruculuq səylərinə Azərbaycanın dəstəyi dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir. Əminəm ki, “Bir millət iki dövlət” fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə güclü birliyi və strateji müttəfiqliyi bundan sonra da xalqlarımızın firavanlığına töhfə verməklə yanaşı regional sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına xidmət edəcəkdir”, – deyə məktubda bildirilir.