Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində iyunun 29-da Heydər Əliyev Mərkəzində “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Beynəlxalq konfrans Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti (BDU), TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumu tərəfindən təşkil edilib.
Konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev Birinci Türkoloji Qurultayın 100 illiyinin silsilə tədbirlərlə geniş qeyd olunduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, bu, Azərbaycan dövlətinin milli-mədəni irsə və türkologiya elminin inkişafına verdiyi yüksək dəyərin bariz ifadəsidir.
Rektor deyib: “Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci ili 22 oktyabr tarixli Sərəncamı bu möhtəşəm elmi hadisənin yalnız tarixi əhəmiyyətini deyil, həm də müasir dövrdə Türk dünyasının inteqrasiyası baxımından daşıdığı strateji mahiyyəti, gələcəyin inkişaf strategiyasını müəyyənləşdirən elmi-mədəni irs olduğunu bir daha təsdiq edir. Bu baxımdan iyunun 29-dan iyulun 3-dək türk Bakıda və Qarabağda keçirilən “Türk Dünyası Həftəsi” xüsusi tarixi məna daşıyır. Həftə çərçivəsində keçirilən elmi və mədəni-kütləvi proqramlar türk xalqlarının tarixi, mədəniyyəti və ənənələrinin qorunmasına, eləcə də gələcək əməkdaşlığın yeni istiqamətlərinin müəyyən olunmasına xidmət edir. Bu təşəbbüs yüz il əvvəl Bakıda əsası qoyulmuş elmi həmrəyliyin müasir dövrdə yeni məzmun qazanaraq davam etdirildiyini göstərir. Təsadüfi deyil ki, 2026-cı il mayın 15-də Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət başçılarının qeyri-rəsmi Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışı zamanı Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi”nin xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcəyini xüsusi vurğulayıb”.
Rektor qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay Türk dünyasının intellektual tarixində yeni mərhələnin başlanğıcı olub. Orada müzakirə olunan məsələlər dövrün elmi problemləri ilə yanaşı, türk xalqlarının gələcək inkişaf konsepsiyasını müəyyənləşdirən fundamental ideyaları əhatə edib: “Aradan keçən yüz il göstərdi ki, qurultayın qəbul etdiyi elmi prinsiplər bu gün də aktuallığını qoruyub saxlayır. Ortaq mədəni irsin qorunması, milli kimliyin möhkəmləndirilməsi, elmi inteqrasiyanın dərinləşdirilməsi və gələcək nəsillərə etibarlı elmi-mədəni irsin ötürülməsi müasir dövrdə Türk dünyasının qarşısında duran vəzifələrdir. Bu gün türkologiya yalnız filoloji tədqiqat sahəsi deyil. O, dilçilik, tarix, arxeologiya, etnologiya, mədəniyyətşünaslıq, süni intellekt texnologiyaları və informasiya-kommunikasiya texnologiyalarının inteqrasiyası əsasında inkişaf edən multidisiplinar elmi istiqamətə çevrilib”.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında bildirib ki, bu gün biz Birinci Türkoloji Qurultayın 100 illiyini qeyd edərkən, əslində yalnız keçmişə nəzər salmırıq, həm də gələcəyə baxırıq: “Prezident İlham Əliyevin Sərəncamına əsasən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq keçirilən “Türk Dünyası Həftəsi” bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, TDT, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA və Yunus Əmrə İnstitutu kimi nüfuzlu beynəlxalq qurumların tərəfdaşlığı ilə reallaşan bu genişmiqyaslı tədbirlər Türk dünyasında elmi və mədəni əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir”.
AMEA-nın prezidenti İsa Həbibbəyli qeyd edib ki, Birinci Türkoloji Qurultay türkologiya elminin inkişafına, türk xalqlarının milli-mənəvi özünüdərkinin elmi əsaslarının formalaşmasına mühüm töhfə verib. Bu, qurultayın tarix qarşısında ən böyük xidmətlərindən biri idi.
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev bildirib ki, bir əsr əvvəl Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay həm Azərbaycanın, həm də bütövlükdə Türk dünyasının tarixində müstəsna əhəmiyyətə malik hadisə olub.
Qurultay bir neçə cəhətdən türk xalqları tarixində xüsusi yer tutur. İlk baxışda bu fikir qəribə görünə bilər, lakin qurultayın materialları və sənədləri ilə diqqətlə tanış olduqda aydın olur ki, onun təşkilatçıları fəaliyyət göstərdikləri dövrün siyasi ideologiyasının, o cümlədən sovet ideologiyasının təsirinə baxmayaraq, türk xalqlarının dili, mədəniyyəti və elmi irsi ilə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşıb, qurultayın tarixi əhəmiyyətini düzgün qiymətləndirməyə çalışıblar.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova bildirib ki, Birinci Türkoloji Qurultayın ideyaları türkologiya elminin inkişafında, türk xalqlarının tarixinin dərindən öyrənilməsində, türk dillərinin, ədəbiyyatının və mədəniyyətinin elmi əsaslarla tədqiqində yeni mərhələnin başlanğıcını qoyub: “Bu gün müzakirə etdiyimiz mövzular məhz həmin ideyaların davamı olmaqla aktuallığını qoruyub saxlayır. Sürətli texnoloji dəyişikliklər və qloballaşma şəraitində türk dillərinin, ədəbiyyatının və tarixinin tədrisi təkcə akademik məsələ deyil, həm də milli kimliyin, ortaq mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Əminəm ki, bugünkü konfrans çərçivəsində aparılacaq müzakirələr, təqdim olunacaq elmi məruzələr və fikir mübadiləsi bu istiqamətdə yeni yanaşmaların formalaşmasına, Türk dünyasında elmi əməkdaşlığın daha da möhkəmlənməsinə və ortaq elmi-mədəni irsimizin zənginləşdirilməsinə mühüm töhfə verəcək”.
Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseyit Tuymebayev isə bildirib ki, Birinci Türkoloji Qurultayı keçirənlərin xəyal etdikləri bir çox təşəbbüslər reallığa çevrilib: “Lakin bununla kifayətlənməməliyik. Belə böyük konfranslar və beynəlxalq tədbirlər keçirməklə yanaşı, onların real nəticələr verməsinə çalışmalıyıq. Bu gün burada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və digər türk dövlətlərinin nümayəndələri bir araya gəlib. Türkologiya sahəsində vahid, ortaq türkoloji layihələr həyata keçirməliyik”.
Türkiyə Elmlər Akademiyasının prezidenti Müzəffər Şəkər təhsilin, mütaliənin və canlı ünsiyyətin zəiflədiyi, əvəzində isə texnologiyalarla və süni intellektlə təmasın sürətlə artdığı bir dövrdə Birinci Türkoloji Qurultayın müzakirə etdiyi məsələlərin önəminə diqqət çəkib. Bildirib ki, türk xalqlarının qarşısında duran əsas vəzifələrdən biri gənc nəslə dili sevdirmək və onu necə inkişaf etdirəcəklərini düzgün şəkildə izah etməkdir: “Bu istiqamətdə birlikdə çalışmalı və məqsədyönlü addımlar atmalıyıq. Qarşıda çətin bir dövr var. Unutmamalıyıq ki, süni intellekt və sosial medianın təsiri getdikcə artır. Bu prosesdə son dərəcə diqqətli olmalıyıq. Çünki dilimiz müəyyən təzyiqlərlə üz-üzədir və onu qorumaq hər birimizin məsuliyyətidir”.
Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədri Mehmet Öcal Oğuz Türk dünyasının ortaq dil, ədəbiyyat və tarix irsinin qorunmasının, bu sahələrin müasir çağırışlar fonunda tədrisinin təkmilləşdirilməsinin, elmi əməkdaşlığın genişləndirilməsinin və ortaq layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bir əsr əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultayda qəbul edilmiş qətnamələr hazırda türk dövlətlərinin dil və mədəniyyət siyasətinin formalaşmasında zəmin rolunu oynayır. Həmin tarixi toplantı bu gün Türk dünyasının birliyini möhkəmləndirir, gələcəyə ortaq baxış formalaşdırır və irəliyə doğru yolumuzu işıqlandırır.
***
Beynəlxalq konfrans panel toplantısı ilə davam edib.

























