İyunun 29-da Heydər Əliyev Mərkəzində Türk Dünyası Həftəsi çərçivəsində “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” adlı beynəlxalq konqres də başlanıb.

Konqresin ilk günü “Türk dillərinin inkişaf dinamikası: tarixi və filoloji baxış” mövzusunda panel sessiya keçirilib.

“Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyevanın moderatorluq etdiyi paneldə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Türk Dil Qurumunun rəhbəri professor Osman Mert, Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, professor İnkyonq (Eunkyun) Oh (Seul, Cənubi Koreya), Özbəkistan Milli Universitetinin Özbək ədəbiyyatşünaslığı kafedrasının müdiri, professor Hamidulla Boltabayev, Lev Qumilyov adına Avrasiya Milli Universitetinin (Astana, Qazaxıstan) professoru Qulqaya Saqıdola çıxış ediblər.

Akademik Nizami Cəfərov qeyd edib ki, türkologiyada bu gün ən çox müzakirə olunan məsələlərdən biri vahid türk ədəbi dilinin mövcudluğu ilə bağlıdır. Türk xalqlarının müxtəlif coğrafiyalarda və fərqli ictimai-siyasi şəraitdə inkişaf etməsi dillərin həm ortaq, həm də fərqli xüsusiyyətlər qazanmasına səbəb olub. Türk dünyasında mədəni inteqrasiya prosesləri sürətlənir və bu baxımdan ortaq əlifbanın, terminologiyanın və elmi məkanın formalaşdırılması əhəmiyyət daşıyır. XVII–XIX əsrlərdən etibarən türk dillərinin diferensiasiyası güclənib və XX əsrin əvvəllərində “Azərbaycan türkcəsi”, “Türkiyə türkcəsi”, “Özbək türkcəsi”, “Qazax türkcəsi” kimi anlayışlar elmi ədəbiyyatda geniş istifadə olunmağa başlayıb. Bununla belə, bütün bu dillər ortaq tarixi köklərə və vahid türk dil ailəsinə mənsubdur.

Professor Osman Mert vurğulayıb ki, 2024-cü ildə Bakıda ortaq türk əlifbasının qəbul olunması bu istiqamətdə mühüm tarixi nailiyyət olmaqla yanaşı, Bakının Türk dünyasının elmi və mədəni əməkdaşlığındakı xüsusi rolunu bir daha təsdiqləyib.

Professor İnkyonq Oh çıxışında bildirib ki, Birinci Bakı Türkoloji Qurultayı yalnız əlifba islahatı ilə bağlı toplantı deyil, türk xalqlarını ortaq intellektual məkanda birləşdirməyə yönəlmiş tarixi təşəbbüs idi. Onun sözlərinə görə, bu gün artıq klassik türkologiyanın müasir “Türk Dünyası Region Araşdırmaları” modelinə keçid vaxtıdır.

***

“Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres iyunun 30-da işini AMEA Rəyasət Heyətinin binasında davam etdirib.

Tədbirin ikinci günü iştirakçılar əvvəlcə 1926-cı idə Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi bina – İsmailiyyə sarayı tanış olublar. Qeyd olunub ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi İsmailiyyə sarayı Venesiya sarayları klassikasının təcəssümüdür. Bakı milyonçusu Musa Nağıyevin tikdirdiyi sarayın bünövrəsi 1908-ci ilin sonunda qoyulub, 1913-cü ildə sarayın açılışı olub. Müsəlman Xeyriyyə Cəmiyyətinin yığıncağı, Bakı ziyalılarının və digər cəmiyyətlərin görüşləri bu binada keçirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli giriş sözündə bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində 26 ölkədən 300 nəfərdən çox qonaq iştirak edib.

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Qazaxıstan Prezidentinin müşaviri, yazıçı Malik Otarbayev, Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Albaniya nümayəndəsi, Tirana Universitetinin Tarix və arxeologiya fakültəsinin müəllimi Gezim Hoxha və başqaları çıxış ediblər.  

***

Konqres çərçivəsində AMEA-da “Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq” adlı panel keçirilib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin moderatorluğu ilə baş tutan paneldə Qırğızıstan Milli Elmlər Akademiyasının Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun direktoru akademik Abdilacan Axmataliyev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin baş elmi işçisi Qətibə Quliyeva, Qırğızıstan-Türkiyə Manas Universiteti Türk Dünyası Strateji Araşdırmalar Mərkəzinin direktoru professor Süleyman Barbaros Yalçın, Ardahan Universitetinin (Türkiyə) rektoru professor Öztürk Emiroğlu və Beynəlxalq Vizyon Universitetinin Balkan Araşdırmaları İnstitutunun dosenti Atilla Yorma Tapanı çıxış ediblər.

Paneldə Türk dünyasında elmi əməkdaşlığın genişləndirilməsi, ortaq elmi tədqiqatların təşviqi, dil, tarix və mədəni irsin qorunması, həmçinin beynəlxalq akademik əlaqələrin inkişafı ilə bağlı məsələlərdən söz açılıb.

Tədbir çərçivəsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə təsis edilmiş xatirə döş nişanları təqdim olunub.