Birinci Türkoloji Qurultayın 100 illiyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanda türkoloji irsə və Türk dünyasının ortaq dəyərlərinə verilən yüksək qiymətin göstəricisidir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli iyunun 29-da Heydər Əliyev Mərkəzində “Türk Dünyası Həftəsi”nin açılış mərasimindən sonra keçirilən “Türk dünyası bir ailə kimi, ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri” adlı paneldə çıxışı zamanı bu barədə danışıb.

Akademik bildirib ki, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi haqqında Sərəncamı həm 1926-cı ildə Bakıda təşkil olunan tarixi qurultayın iştirakçılarının xidmətlərinə verilən yüksək dövlət qiymətidir, həm də müasir türkologiyanın inkişafına göstərilən diqqətin bariz ifadəsidir.

İ.Həbibbəyli vurğulayıb ki, sovet dövründə türk xalqlarını ortaq dil, əlifba və mədəni dəyərlərdən uzaqlaşdırmağa yönəlmiş siyasət yürüdülsə də, bu gün Birinci Türkoloji Qurultayın ideyaları yeni mərhələdə yenidən həyata keçirilir.

“Bu ideyaların XXI əsrin reallıqlarına uyğun şəkildə inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu istiqamətdə rəqəmsal türkologiya, ortaq elmi layihələr və vahid tədqiqat platformalarının yaradılması xüsusi əhəmiyyət kəsb edir”, – deyə o bildirib.

 ***

Birinci Türkoloji Qurultayın 1926-cı ildə Bakıda qəbul etdiyi elmi və ideoloji istiqamətlər bu gün də Türk dünyasında elmi əməkdaşlığın əsas dayaqlarından biri olaraq qalır.

Bu fikirləri isə paneldə çıxışı zamanı Beynəlxalq Türk Akademiyasının (katibliyi Astanada yerləşir) prezidenti Şahin Mustafayev səsləndirib. O bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının elmi və ictimai fikir tarixində dönüş nöqtəsi olub.

“XIX əsrdə Türk dünyasında başlayan maarifçilik və müasirləşmə hərəkatı məntiqi nəticəsini məhz Birinci Türkoloji Qurultayda tapdı. Qurultay türk xalqlarının elmi düşüncəsinin, milli özünüdərkinin və ortaq mədəni kimliyinin formalaşmasına mühüm təsir göstərdi”, – deyə Ş.Mustafayev vurğulayıb.

Onun sözlərinə görə, Türk Akademiyasının fəaliyyəti də məhz həmin ziyalı nəslinin elmi irsinə söykənir. Akademiya türk xalqlarının dili, tarixi, mədəniyyəti və ortaq irsi üzrə birgə tədqiqatların aparılması, alimlər arasında əməkdaşlığın genişləndirilməsi və elmi platformaların yaradılması istiqamətində fəaliyyət göstərir.

Ş.Mustafayev qeyd edib ki, son üç ildə Akademiya 50-yə yaxın beynəlxalq layihə həyata keçirib və bu fəaliyyət “Türk Dünyası – 2040 Vizyonu” çərçivəsində davam etdirilir.