Fevralın 3-də Dövlət Uşaq Filarmoniyasında XX əsr Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, dahi bəstəkar Qara Qarayevin (1918–1982) xatirəsinə həsr olunmuş konsert proqramı təşkil edilib.

Qara Qarayev dünya musiqi xəzinəsinə misilsiz töhfələr vermiş sənətkardır. Onun "Leyli və Məcnun" simfonik poeması, "Yeddi gözəl" və "İldırımlı yollarla" baletləri, "Don Kixot" simfonik qravürləri, III simfoniyası, skripka və orkestr üçün əsərləri musiqi salnaməsinin qiymətli səhifələridir.

Bu dəfə bəstəkarın zəngin yaradıcılığından seçmələri Dövlət Uşaq Filarmoniyasının solistləri, Əməkdar müəllim, professor Gülnarə Acalovanın və respublika və beynəlxalq müsabiqələr laureatı Cəmalə Abdinzadənin sinfinin tələbələri təqdim ediblər.

Proqramda Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən, “İnsan məskən salır” filminə yazdığı musiqidən parçalar, “Çar kəndi heykəli” ("Царскосельская статуя") fortepiano silsiləsi, romansları səslənib.  

Dahi bəstəkarın musiqi ruhunu dinləyicilərə çatdıran ifalar alqışlarla qarşılanıb.

Konsertin sonunda bütün iştirakçılar səhnəyə çıxaraq xatirə şəkli çəkdiriblər.