Azərbaycanın tarixini və müasir inkişafını, mədəniyyət və incəsənətini müxtəlif ölkələrdə və dillərdə tanıdan “İRS” beynəlxalq jurnalının Çin dilində növbəti nömrəsi nəşr edilib.
Nəşrdə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Meyin iki ölkənin münasibətlərinə dair məqaləsi, Azərbaycan Memarlar İttifaqının Memarlıq irsi üzrə komissiyasının sədri Rizvan Bayramovun “Bakı memarlığında Art Nouveau” məqaləsi, habelə “Göygöl və Maralgöl – Kəpəz dağının hədiyyəsi”, “Ada layiq olmaq – Heydər Əliyev Mərkəzi”, “Qəhrəmanlar tərəfindən yaradılmış ilahi bir nemət”, “Mirzə Qədim İrəvani və onun yaradıcılıq irsi”, “XVIII–XIX əsrlərə aid Azərbaycan memarlığının şah əsərləri: Şəki xanlarının sarayı və Şəkixanovların evi” və s. yazılar yer alıb.
Qeyd edək ki, “İRS” beynəlxalq jurnalının Çin dili versiyası (“Yichan”) oxucuların Azərbaycan haqqında məlumatları ilk mənbədən əldə etməsi baxımından böyük əhəmiyyət daşıyır. Jurnalın nüsxələri Çinin elmi-tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndərilir.
Jurnalın baş redaktoru Musa Mərcanlıdır.























