Milli Kitabxanada “2 fevral Azərbaycan Gəncləri Günüdür” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan bildirilib ki, ənənəvi sərgidə gənclər siyasəti ilə bağlı normativ-hüquqi sənədlər toplusu, Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasəti, Prezident İlham Əliyev və müasir Azərbaycan gəncləri, gənclərdə vətənpərvərlik ruhunun formalaşması, Azərbaycan gəncləri statistik məcmuələri, gənc yazarlar, gənc tədqiqatçıların elmi əsərləri, Azərbaycan gəncliyinin Vətən müharibəsi dövründəki fəaliyyəti, həmçinin böyük Zəfərin ardınca vüsət götürən Qarabağın yenidən dirçəldilməsi prosesindəki iştirakı haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, gənclərdə milli mənlik, vətənə sədaqət ruhu aşılayan mahnıların musiqi notları yer alıb.
Virtual sərgidə rəsmi sənədlər, dövlətin gənclər siyasəti, Heydər Əliyevin gənclər siyasəti və sevgisi, istedadlı gənclərin Azərbaycanın dayanıqlı inkişafında rolu, gənclərdə milli ruh və s. mövzularda dövri mətbuatda çap olunan məqalələr, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında rolundan bəhs edən Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan və xarici dillərində ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilər.
***
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 2 fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar virtual və ənənəvi kitab sərgisi hazırlanaraq istifadəçilərə təqdim edilib.
Kitabxanadan verilən məlumata görə, virtual kitab sərgisində Azərbaycanda dövlət gənclər siyasəti haqqında qəbul edilən rəsmi sənədlərin – qanun, fərman və sərəncamların tam mətni təqdim olunur, Gənclər Gününün tarixi, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti, gənclərlə əlaqədar elm, təhsil, mədəniyyət, idman sahəsində qazanılan uğurları özündə əks etdirən nəşrlər sərgilənir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə “Azərbaycan gəncliyinin himayədarı”, “Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi”, “Azərbaycanın gəncliyi etibarlı əllərdədir” kimi kitabların və “Heydər Əliyevin gənclər siyasəti və sevgisi”, “Gəncliyə dəyər verən siyasət”, “Azərbaycan gəncləri həyatın bütün sahələrində örnəkdirlər”, “Zəfərlərdən ilhamlanan müzəffər ölkənin qalib gəncləri” kimi dövrü mətbuat nümunələrinin tam mətni yer alır. Virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.
Kitabxanada təşkil edilən ənənəvi sərgidə gənclər siyasəti, gənclərin elmi, mədəni, siyasi, beynəlxalq sahədə fəaliyyətlərini əks etdirən kitablar, gənc yazarların yaradıcılıq nümunələri, qəzet və jurnallar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış vəsaitlər sərgilənməkdədir.






















