Yanvarın 28-də Sumqayıt şəhərində Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəbləri müəllimlərinin iştirakı ilə məlumatlandırıcı görüş təşkil olunub.

Bu qəbildən görüşlərin əsas məqsədi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin musiqi və incəsənət sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində musiqi və incəsənət məktəblərində çalışan müəllimlərə attestasiyanın keçirilmə qaydalarının izah olunması, proqram mövzularının sistemli şəkildə təqdim edilməsi və attestasiyaya hazırlıq prosesinə real dəstək göstərməkdən ibarətdir.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil edilən görüşdə müəllimlərin attestasiyasının mahiyyəti, hüquqi əsasları, attestasiya proqramının məzmunu, müvafiq ixtisaslar üzrə nəzəri və praktiki mövzular barədə söhbət açılıb, tövsiyələr diqqətə çatdırılıb.

Qeyd edək ki, digər regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimləri ilə də oxşar məlumatlandırıcı görüşlərin keçirilməsi nəzərdə tutulur.