20 Yanvar faciəsi eyni zamanda xalqımızın tarixində qəhrəmanlıq, qürur səhifəsidir. Həmin dəhşətli gecədə şəhid olan Vətən övladları Azərbaycanın tarixinə şanlı səhifə yazıblar.

Bu fikirlər 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Qəbələ rayon Mədəniyyət Mərkəzində (Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi) keçirilən “Tariximizin hüzn və qürur səhifəsi” adlı tədbirdə səsləndirilib.

Mədəniyyət işçilərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə söz açıblar. Bildirilib ki, ərazi bütövlüyümüzə qarşı yönəlmiş təcavüzə etiraz edən, müstəqillik ideyaları uğrunda mücadilə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində insanlığa qarşı ən qanlı cinayətlərdən biri törədilib.

Vurğulanıb ki, 20 Yanvar hadisəsi Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq salnaməsi, qürur səhifəsidir. 20 Yanvar, həm də xalqımızın istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.

Tədbirdə “Tariximizin hüzn və qürur səhifəsi” adlı videoçarx nümayiş olunub, 20 Yanvara həsr olunmuş sərgiyə baxış keçirilib.