AMEA-nın Folklor İnstitutunda "Milli yaddaşda 20 Yanvar: kədərdən qürura” adlı anım tədbiri keçirilib.
Bu barədə institutdan məlumat verilib.
Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev tədbiri açaraq bildirib ki, 36-cı ildönümünü qeyd etdiyimiz qanlı 20 Yanvar hadisələri Sovet imperiyasının Azərbaycan xalqının azadlıq və müstəqillik iradəsinə qarşı törətdiyi ağır cinayət və qanlı terror aktı kimi tarixdə qalmaqdadır. 1990-cı il yanvarın 20-də SSRİ-nin mərkəzi hakimiyyəti tərəfindən həyata keçirilən hərbi müdaxilə xalqın milli iradəsinə, demokratik dəyərlərə və müstəqil dövlət quruculuğu arzularına qarşı yönəlmiş dövlət səviyyəli cinayət olub.
Hikmət Quliyev diqqətə çatdırıb ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət ilk dəfə Ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Ulu öndər 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, Sovet İttifaqı rəhbərliyinin törətdiyi qanlı hadisəni açıq şəkildə pisləmiş və faciənin mərkəzi hakimiyyətin, eləcə də respublika rəhbərliyinin xəyanəti nəticəsində baş verdiyini bəyan etmişdi. Bu mövqe çətin zamanda Azərbaycan xalqı ilə həmrəyliyin və liderliyin bariz nümunəsi idi.
Qeyd olunub ki, zaman keçdikcə 20 Yanvar faciəsinin tarixi mahiyyəti daha dərindən dərk olunur. Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunduğu bir şəraitdə 20 Yanvar hadisələri təkcə faciə kimi deyil, həm də milli qəhrəmanlıq salnaməsinin mühüm səhifəsi və müstəqil dövlətə aparan yolun şərəfli mərhələsi kimi qiymətləndirilir.
Sonra Folklor studiyası tərəfindən hazırlanan “20 Yanvar: unutmadıq, unutdurmarıq!” adlı videoçarx təqdim olunub. Videoçarxda həmin günün dramatik anları, şəhidlərin qəhrəmanlıqları və Azərbaycanın müstəqilliyi uğrunda verdiyi böyük qurbanlarla bağlı görüntülər yer alıb.
İnstitutun böyük elmi işçi Aydın Mustafayev "20 Yanvar faciəsinin folklor yaddaşı" mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, faciənin xalq arasında yaranan şifahi ədəbiyyat nümunələri milli kimliyin qorunması və qəhrəmanlıq tarixinin yaşadılması baxımından vacib rol oynayır.
Baş mütəxəssis Sevinc Hüseynova "Gənc nəslin yaddaşında 20 Yanvar - milli yaddaşın davamı" mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, bu hadisələr 1988, 1948, 1918 və digər illərdə baş verən deportasiyalar və soyqırımlarla əlaqədardır. Sevinc Hüseynova 20 Yanvarın yalnız faciə deyil, Azərbaycanın müstəqillik və azadlıq mübarizəsinin simvolu olduğunu vurğulayıb.
Folklor studiyasının rəhbəri Mahir Ordubadi "Azərbaycan musiqi yaradıcılığında 20 Yanvar faciəsinin əksi" mövzusunda çıxış edib, faciəyə həsr olunmuş mahnılar və digər musiqi janrlarında yaranan əsərləri diqqətə çatdırıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova çıxışında yas mədəniyyəti və 20 Yanvar faciəsi ilə bağlı ənənələri şərh edib.
Tədbirin sonunda Folklor İnstitutunun direktoru Hikmət Quliyev qeyd edib ki, bu qəbildən tədbirlər yalnız tarixi xatırlatmaq üçün deyil, həm də gənc nəsillərdə milli yaddaşın möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun artırılması və 20 Yanvar şəhidlərinin qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.





















