AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin kiçik elmi işçisi Ramidə Abbasova Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilmiş (22 dekabr) respublika elmi konfransında iştirak edib.
Bu barədə institutdan məlumat verilib.
Elmi konfransda “Azərbaycan istiqlal mübarizəsi tarixi və ədəbiyyatımız”, “Nizami Muzeyində Azərbaycan Cümhuriyyətinin Nazirlər Kabinetinin fəaliyyəti və şəxsiyyətləri”, “Nizami muzeyinin binasında Azərbaycan Cümhuriyyətinin Xüsusi Təhqiqat Komissiyasının fəaliyyəti” və digər mövzularda məruzələr təqdim olunub.
Əlyazmalar İnstitutunun əməkdaşı “Azərbaycan istiqlal mübarizəsi tariximiz və ədəbiyyat: Rafiq Yusifoğlu yaradıcı dünyasında” adlı məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.
***
Əlyazmalar İnstitutu kitabxanasının müdiri Briliant Hacıyeva isə Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunan (2-3 dekabr) “Tarixin öyrənilməsinin və tədrisinin aktual problemləri” mövzusunda elmi konfransında iştirak edib.
Milli Azərbaycan Tarixi Muzeyinin yaranmasının 105 illiyinə həsr olunmuş konfransda institutun əməkdaşı “Azərbaycan tarixi elminə töhfə – Davud bəy Şərifovun “Əski mədəniyyət tarixi” dərsliyinə bir nəzər” adlı məruzə ilə çıxış edib. Məruzə Azərbaycan Arxeologiya Məktəbi və Tarix-Diyarşünaslıq Muzeyinin ilk yaradıcısı olan Davud bəy Şərifovun Əlyazmalar İnstitutunun Əski çap kitabları fondunda qorunan “Əski mədəniyyət tarixi” adlı tədqiqat işi əsasında hazırlanıb.





















