Prezident İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın müəllifi, böyük musiqişünas-alim, publisist, dramaturq və pedaqoq, ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin 140 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olundu.
Bu silsilədən ilin son tədbirlərindən biri dekabrın 28-də Səməd Vurğunun Ev-Muzeyində təşkil edilib.
Muzeydən verilən məlumata görə, “Musiqinin səsləri” adlı kamera musiqisi axşamı ifaçılarla dinləyicilər arasında canlı və səmimi dialoq kimi təqdim olunub. Muzeyin rahat mühiti hər bir qonağın bu bədii yolçuluğun bir hissəsinə çevrilməsinə şərait yaradıb.
Konsertdə müxtəlif dövrlərə və ovqatlara aid musiqi əsərləri, dinləyicinin qəlbinə xitab edən nümunələr səsləndirilib.
Proqrama Üzeyir Hacıbəyli, Niyazi, Cakomo Puççini, Jak Offenbax, Antonin Dvorjak və dünya klassik musiqisinin digər görkəmli nümayəndələrinin əsərləri daxil edilib.
Gülsüm Xəlilova (vokal-soprano; Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, beynəlxalq müsabiqələr laureatı), Rəhimə Qurbanova (fortepiano; Bakı Musiqi Akademiyasının məzunu, beynəlxalq müsabiqələr laureatı) və Vaqif Qurbanovun (violonçel; Bakı Musiqi Akademiyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı) ifaları alqışlarla qarşılanıb.
Muzeyin direktoru, tanınmış pianoçu Vurğun Vəkilov da həmkarlarına qoşularaq musiqi nömrələri ifa edib.
Muzeydə kamera musiqisi axşamı dinləyicilərdə dərin təəssürat yaradıb.
























