Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin ikinci mərhələsi başa çatıb.
Bu mərhələdə 17 şirkət tərəfindən təqdim edilmiş 32 tammetrajlı bədii film layihəsi üzrə ilkin tələblərin uyğunluğu yoxlanılıb, eyni zamanda layihələrin tritmentləri bədii baxımdan qiymətləndirilib.
Layihələrin müsabiqə çərçivəsində müəyyən edilmiş mövzulara uyğunluğu, orijinallığı, əhəmiyyətliliyi və digər meyarlar əsas götürülüb.
Beləliklə, ümumilikdə 11 layihə – "8 gün" (“Alıoğlu Media Group” MMC), "Berqmana məktublar" (“Buta Film” MMC), "Dolu 2" (“CNF” MMC), "Varis" (“Dream Big Company”), "Mən, Lalə, bir də o" (İctimai Televiziya), "Sonuncu qastrol" (“Karvan Production” MMC), "Xalı" (“Mediamaster” MMC), "Qələbə gülü" (“Narimanfilm” MMC), "Bir, iki, üç" (“Nova Gorica Kino Mərkəzi” MMC), "Rəqqa" (“Rakurs Film-Media” MMC) və "Türkmənçay" (“Şahdağ Film” MMC) 3-cü mərhələyə keçib.
İkinci mərhələdə iştirak hüququ qazananlar müsabiqənin reqlamenti üzrə müvafiq sənədləri 1 ay müddətində elektron qaydada ARKA-ya təqdim etməlidir.



















