Bakı Dövlət Universitetinin Qazax Filialı, AMEA Arxeologiya və Antropologiya İnstitutu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə “Bölgənin arxeoloji irsi” mövzusunda elmi seminar təşkil olunub.

Qeyd edək ki, son illər bölgədə, xüsusilə "Keşikçidağ" qoruğunun ərazisində yerləşən arxeoloji abidələrdə Arxeologiya və Antropologiya İnstitutunun dəstəyi ilə tədqiqat və arxeoloji qazıntı işləri geniş vüsət alıb. Keşikçidağ kurqanlar vadisində aparılan arxeoloji qazıntılara alim və tədqiqatçılarla yanaşı, BDU Qazax filialının müəllim və tələbələri də cəlb olunub, tələbələr üçün ustad dərsləri təşkil edilib. 

Elmi seminarda BDU Qazax Filialının tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfov, aparıcı elmi işçi, arxeoloq Lola Hüseynova, institutun əməkdaşı, antropoloq Ülkər Allahverdiyeva, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, BDU-nun Qazax Filialının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev və başqaları çıxış ediblər.

Çıxışlarda bölgədə Keşikçidağ mağaralar kompleksi ərazisində yerləşən arxeoloji abidələr, aparılmış elmi-tədqiqat və  qazıntı işləri, əldə olunan mühüm elmi nəticələr barədə ətraflı məlumat verilib, bu irsin qorunmasının elmi və ictimai əhəmiyyəti vurğulanıb.