Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, elmi işlər üzrə direktor müavini İranə Allahverdiyeva (İbrahimova), mühəndis-bioloq Arifə Laçınova və bərpaçı-rəssam Sultan Sultanov Gürcüstan Milli Muzeyinin dəvəti ilə Tbilisi şəhərinə səfər ediblər.
Bu barədə Elmi Bərpa Mərkəzindən məlumat verilib.
Bildirilib ki, səfərin məqsədi Gürcüstan Milli Muzeyinin nəzdindəki Konservasiya və Bərpa Mərkəzinin mütəxəssisləri ilə qarşılıqlı peşəkar təcrübə mübadiləsi aparmaq, konservasiya və bərpa sahəsində mövcud metodologiya və praktikaları nəzərdən keçirmək, habelə gələcək əməkdaşlığı gücləndirmək və birgə təşəbbüs imkanlarını araşdırmaqdan ibarətdir.
Elmi Bərpa Mərkəzinin heyəti səfər zamanı Gürcüstan Milli Muzeyinin direktoru professor David Lordkipanidze, elmi işlər üzrə direktor müavini Mixeyl Tsereteli və digərləri ilə görüşlər keçirib, muzeyin ekspozisiyası və nəzdində fəaliyyət göstərən Bərpa Mərkəzinin rəngkarlıq, qrafika, tekstil və s. kimi laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olub, qarşılıqlı təcrübə mübadiləsi aparıblar.























