Şəki şəhər Heydər Əliyev Mərkəzində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şəki şəhər Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə rəsmilər, mədəniyyət, elm, təhsil işçiləri, tələbə və şagirdlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk dəfə olaraq Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında süni intellekt texnologiyaları ilə hazırlanmış videoçarx nümayiş etdirilib. Videoçarx şairin poetik dünyasını və ədəbi irsini yenilikçi texnologiyalarla izləyicilərə çatdırılıb.

UNEC-in Zaqatala Filialının direktoru Raqif Qasımov, ADPU-nun Şəki Filialının direktor müavini Gülnarə Abdullayeva, Bəxtiyar Vahabzadənin Ev-Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü, Şəki-Zaqatala Regional Təhsil idarəsinin müdiri Günay Mahmudova, AMEA-nın Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri Elçin İsmayılov-Muradxanlı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələri iş sektorunun müdiri Elvin Qarayev çıxış ediblər. Çıxışlarda Bəxtiyar Vahabzadənin ədəbi irsindən söz açılıb, yaradıcılığının elmi, ədəbi və mədəni aspektlərinə toxunulub.

Bədii hissədə Mingəçevir Dövlət Universitetinin əməkdaş və tələbələrinin, həmçinin region üzrə ümumtəhsil məktəbləri şagirdlərinin ifasında Bəxtiyar Vahabzadənin vətənpərvərlik ruhunda olan şeirləri səsləndirilib, musiqi nömrələri və ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.