Ölkəmizdə Özbəkistan Mədəniyyəti Günləri rəngarəng proqramla davam edir. Dekabrın 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Özbəkistan Dövlət Simfonik Orkestrinin iştirakı ilə geniş konsert proqramı keçirilib. Kollektiv bədii rəhbəri və baş dirijor, Azərbaycanın “Dostluq” ordeni laureatı, Özbəkistanın Xalq artisti Kamoliddin Urinbayevin idarəçiliyi ilə çıxış edib.
Musiqi axşamı M.Hacıyevin “Bayram uvertürası” ilə açılıb. Əsərin dinamik musiqi dili və bayram ovqatı zalda xüsusi əhval-ruhiyyə yaradaraq dinləyicilərin diqqətini ilk dəqiqələrdən cəlb edib.
Proqramın davamında tarzən, Əməkdar artist Sahib Paşazadənin iştirakı ilə H.Xanməmmədovun tar və orkestr üçün “2 nömrəli konsert”inin II və III hissələri səsləndirilib. Solist və orkestrin yüksək texniki ustalıq və emosional dolğunluqla təqdim etdiyi ifa dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Daha sonra Xalq artisti Yeganə Axundovanın (piano) solist qismində iştirakı ilə F.Əmirov və E.Nəzirovanın piano və orkestr üçün “Ərəb mövzularına konsert”inin final hissəsi ifa olunub. Əsərin melodik zənginliyi və virtuoz piano partiyası konsert proqramına xüsusi rəng qatıb.
Konsert N.Rimski-Korsakovun “Şəhrizad” simfonik süitası (op.35, dörd hissədə) ilə yekunlaşıb. Şərq nağıllarının poetik obrazlarını əks etdirən əsər orkestrin dəqiq, şəffaf və zəngin tembrli ifasında səsləndirilib.
Konserti Azərbaycan mədəniyyət nazirini müavini Murad Hüseynov, Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədov, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri izləyiblər.
Qeyd edək ki, gecə boyu orkestrin yüksək peşəkarlıq səviyyəsi, intonasiya dəqiqliyi və bədii bütövlüyü musiqisevərlərdə dərin təəssürat yaradıb. Konsert Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin genişlənməsinə, dostluq münasibətlərinin möhkəmlənməsinə və gələcək yaradıcılıq əməkdaşlığı üçün əlverişli zəminin formalaşmasına xidmət edib.

























