Dekabrın 10-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Mədəniyyət və hüquq: Müasir çağırışlar" adlı elmi-praktik forum keçirilib.

Forum Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında" 28 dekabr 2024-cü il tarixli Sərəncamının icrası ilə bağlı hazırlanan Tədbirlər planı çərçivəsində təşkil olunub.

Tədbirin açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclis sədrinin müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, millət vəkilləri, diplomatlar, mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının ərsəyə gəlməsində müstəsna xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Prezident İlham Əliyevin liderliyində həyata keçirilən siyasətin mərkəzində mədəniyyət xüsusi yerə malikdir.

Qeyd olunub ki, mədəniyyət müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində həmişə mərkəzi mövqedə dayanıb. Ulu Öndər mədəniyyətimizin bütün sahələrinin inkişafına, ana dilimizə davamlı diqqət və qayğı göstərib. "Ümummilli Liderimizin müəllifi olduğu Konstitusiyamızda mədəniyyətlə bağlı çox qiymətli müddəalar mövcuddur və bunun təməlləri üzərində hazırlanan qanunvericilik aktları mədəniyyət və hüquq anlayışlarını da özündə ehtiva edir.

Mədəniyyət və hüquq arasında mövcud olan konseptual əlaqə təsəvvür ediləndən və görünəndən daha dərin və sıxdır. Əgər biz mədəniyyət və hüququn bir-birinə olan münasibətində müasir çağırışları müzakirə etmək istəyiriksə, o zaman ilkin olaraq bu anlayışların yenidən təhlil və müzakirə olunması məqsədəuyğun olardı", - deyə nazir bildirib.

Nazir qeyd edib ki, geniş mənada mədəniyyət bir xalqa münasibətdə mövcud olan, ona xüsusi kimlik verən, cəmiyyətdaxili bütövlüyü tarazlayan, onu başqa xalqlardan fərqləndirən və müəyyən bir zaman kəsimində sabit şəkildə formalaşan düşüncələr, dəyərlər, davranışlar və qaydalar sistemindən ibarət bir anlayışdır. Hüquq isə individual azadlıqları, davranışları və ictimai münasibətləri formalaşdırmaq və tənzimləmək üçün dövlət institutları tərəfindən yaradılmış və tətbiq edilən qaydalar toplusudur. Bu anlayışları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil.

Adil Kərimli forum çərçivəsində mədəniyyət və hüququn qarşılıqlı əlaqəsi ilə bağlı maraqlı müzakirələrin aparılacağına əminliyini bildirib, tədbirin işinə uğurlar arzulayıb.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov çıxışında mədəniyyət və hüquq sahəsindəki qarşılıqlı əlaqələrin vacibliyini vurğulayıb. O, forumun Beynəlxalq İnsan Hüquqları Günündə keçirilməsini simvolik bir mesaj kimi dəyərləndirib, insan hüquqlarının qorunması və mədəni dəyərlərin saxlanmasının bir-birini dəstəkləyən prinsiplər olduğunu bildirib.

Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov çıxışında tarixdən gələn mədəni dəyərlərin qorunmasının və hüquqi əsaslarla inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, mədəniyyətin yalnız sənət və estetik dəyərlərlə məhdudlaşmadığını, eyni zamanda, cəmiyyətin hüquqi mədəniyyətinin formalaşmasında da rol oynadığını bildirib. Akademik Rafael Hüseynov, həmçinin multikultural dəyərlərin və milli kimliyin qorunmasının gələcək nəsillər üçün strateji əhəmiyyətini qeyd edib.

Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov isə bu mövzuda ilk tədbirin 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günündə keçirilməsinin əlamətdar hadisə olduğunu bildirib. O deyib ki, belə tədbirlər hüquq və mədəniyyət sahəsində fikir mübadiləsi aparmaq və təcrübə paylaşmaq üçün əlverişli imkan yaradır.

Forum işini panel müzakirələrlə davam etdirib.

Panellərdə “Mədəniyyət və hüquq”, “Azərbaycan Respublikası Konstitusiyası və mədəni dəyərlərimiz” və “Mədəniyyətin beynəlxalq münasibətlər sistemindəki yeri” mövzuları müzakirə edilib.

Ekspertlər və dövlət qurumlarının nümayəndələri Azərbaycanın mədəni irsinin qorunması və inkişafı, o cümlədən mədəniyyətin hüquqi təminatının gücləndirilməsi ilə bağlı müzakirələr aparıblar.

Forumun keçirilməsi ölkəmizdə mədəniyyət siyasətinin hüquqi təminatına dair müxtəlif qurumlar arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, həmçinin mədəniyyət və hüquq sahəsindəki əməkdaşlığın inkişafı, Azərbaycanın mədəni dəyərlərinin qorunması və beynəlxalq aləmdə tanınmasına əlavə zəmin yaradır.