Mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyindəki “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində ekskursiya təşkil edilib.
Ekskursiya zamanı iştirakçılar ilk olaraq Keşikçidağ kurqanlar vadisindəki arxeoloji abidələr və qədim dəfn kompleksləri ilə yaxından tanış olub, ərazidə aparılmış elmi-arxeoloji tədqiqatlar barədə ətraflı məlumat əldə ediblər.
Sonra qonaqlar qoruq ərazisində yerləşən “İlham Əliyev adına zirvə”, bu istiqamətdə yerləşən mağaralar, onların divar və tavanlarında qorunub saxlanılan freska nümunələri, qədim su quyuları və ərzaq anbarları ilə tanış olublar.
Ekskursiya zamanı Keşikçidağın tarixi-mədəni irsinin, regionun qədim yaşayış və dini-mənəvi mühitinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Səfər zamanı iştirakçılar Ceyrançöl düzünün dağ ətəklərində yazın gəlişi ilə al-əlvan rəngə boyanmış laləlikləri seyr edib, panoramik mənzərələr fonunda xatirə şəkilləri çəkdiriblər. Baharın füsunkar gözəlliyi və dağ silsilələri boyunca açılan mənzərələr qonaqlarda zəngin təəssürat yaradıb.
Ekskursiya proqramına qoruq tərəfindən salınmış badam bağı ilə tanışlıq da daxil edilib. Qonaqlara ərazidə həyata keçirilən yaşıllaşdırma və ekoloji mühafizə tədbirləri barədə məlumat verilib, bölgənin spesifik flora və faunası, o cümlədən nadir quş növləri barədə danışılıb.
Sonda qoruq əməkdaşlarının tarixi-mədəni irsin mühafizəsi, tədqiqi və təbliği istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib. Qeyd edilib ki, bu cür tədbirlər milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır.
























