Beynəlxalq Muğam Mərkəzi və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənc vokalçı Riad Ağanın Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “İthaf” adlı solo konserti keçirilib.
Konsert proqramı Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsini, milli-mənəvi dəyərlərə bağlılığını və Azərbaycan mədəniyyətinə göstərdiyi xüsusi diqqəti musiqinin dili ilə tamaşaçılara çatdırıb.
Gənc vokalçı Riad Ağanın ifasında səsləndirilən biri-birindən rəngarəng əsərlər dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Vokalçının müəllimi Əməkdar artist Ramil Qasımov çıxış edərək onun gənc olmasına baxmayaraq səhnədə peşəkar yanaşması, musiqiyə həssas münasibəti və tamaşaçı ilə qurduğu səmimi emosional bağ ilə seçildiyini bildirib. Vurğulanıb ki, gənc ifaçının səhnə mədəniyyəti, zəhmətkeşliyi və sənətə bağlılığı onun gələcəkdə Azərbaycan vokal sənətində özünəməxsus yer tutacağına böyük ümid yaradır.
Konsertdə Tofiq Quliyevin “Azərbaycan”, Sevil Əliyevanın “Əziz ana”, Fikrət Əmirovun “Mən səni araram”, Emin Sabitoğlunun “Şükriyyə”, “Ayrılıq”, Hacı Xanməmmədovun “Gözünə qurban”, Oqtay Kazıminin “Ey xəyal” və digər musiqi nömrələri ifa olunub.
Vokalçını pianoda Cəlal Səmədov müşayiət edib.
Qeyd edək ki, bundan öncə Riad Ağanın Milli İncəsənət Muzeyində “Xoşladığım bir gecə”, “Oyan, bülbül” və Beynəlxalq Muğam Mərkəzində “Salam, Rişad” adlı solo konsert proqramları da böyük maraqla qarşılanıb.























