“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbirində Liviya Dövlətinin mədəniyyət və koqnitiv inkişaf naziri Mabroukah Osman Toghi də iştirak edir.

Dekabrın 9-da Bakı Konqres Mərkəzində mədəniyyət naziri Adil Kərimli ilə liviyalı həmkarı arasında görüş olub.

Adil Kərimli Liviyanın beynəlxalq festivalda yüksək səviyyədə təmsil olunmasına görə qarşı tərəfə minnətdarlığını bildirib. O, Azərbaycanla Liviyanın BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində uğurla əməkdaşlıq etdiklərini deyib, festivalın iki ölkənin mədəni əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı fürsət olduğunu diqqətə çatdırıb.

Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlıq qurmaq niyyətində olduqlarını vurğulayan liviyalı nazir bu istiqamətdə münasibətlərin genişləndirilməsi üçün birgə fəaliyyətin səmərəli nəticələr verəcəyinə inamını ifadə edib.

Görüşdə mədəni əlaqələrin perspektivləri müzakirə olunub, gələcəkdə bu istiqamətdə təmasların davam etdirilməsi barədə razılığa gəlinib.