Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru Əməkdar artist, Özbəkistanın mədəniyyət elçisi, tarzən Sahib Paşazadə və BMM-nin solisti, Qarabağ Universitetinin müəllimi Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov Pakistanın Kəraçi şəhərində ikinci dəfə təşkil edilən Dünya Mədəniyyəti Festivalında iştirak edirlər.
BMM-dən bildiriblər ki, “Art Council Pakistan”ın təşkilatçılığı ilə dekabrın 7-dək davam edəcək festivala dünyanın 100-dən çox ölkəsindən sənətçilər qatılıb.
Təşkilat komitəsi və “Art Council Pakistan”ın prezidenti Məhəmməd Əhməd Şah Azərbaycandan gələn qonaq ifaçıları qarşılayaq onlara festivalın xatirə hədiyyələrini təqdim edib.
BMM-nin direktoru Sahib Paşazadə qarşılıqlı olaraq Azərbaycan mədəniyyətini təbliğ edən kitab və suvenirləri festival rəhbərliyinə hədiyyə edib. Qlobal bədii forumda azərbaycanlı musiqiçilərin konserti 29 noyabrda olacaq.
Sahib Paşazadə və Kamran Kərimov bu festivalda ikinci dəfə ölkəmizi təmsil edirlər. Ötən il keçirilən festival zamanı ifaçılar açılış mərasimində zəngin proqramla çıxış etmiş, həmçinin Kəraçidəki İncəsənət Universitetində Azərbaycan alətləri və musiqisi ilə bağlı ustad dərsi keçmişdilər. Azərbaycan muğamı və musiqi alətlərimiz böyük sevgi və maraqla qarşılanmışdı.
Festival çərçivəsində musiqi, teatr və rəqs tamaşaları, təsviri incəsənət nümayişləri, sənətin müxtəlif sahələrini əhatə edən panel müzakirələri və seminarlar təşkil olunur.






















