Tarixi irsin qorunması, tanıdılması və təbliğində beynəlxalq elmi əməkdaşlıq müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Bu günlərdə Qazaxıstanın Atırau şəhərində keçirilən “Sarayşık – Şərqlə Qərbin qovşağında: Böyük Çölün tarixi və mədəniyyəti” adlı beynəlxalq elmi simpozium da Böyük Çöl sivilizasiyasının tədqiqi və Orta əsrlər şəhər mədəniyyətinin öyrənilməsi baxımından mühüm elmi hadisə kimi yadda qalıb.

Tədbir Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən alimləri, tədqiqatçıları, mədəniyyət nümayəndələrini bir araya gətirib.

Simpoziumun əsas məqsədi Orta əsrlər Sarayşık şəhərinin (XIII-XVI əsrlərdə Qazaxıstanın indiki Atırau şəhərindən təxminən 50 km məsafədə yerləşib – red.) tarixi-mədəni irsinin elmi əsaslarla araşdırılması, beynəlxalq səviyyədə tanıdılması və mədəni irsin qorunması istiqamətində əməkdaşlığın genişləndirilməsi idi.

Ölkəmizin nümayəndə heyəti tədbirdə fəal iştirak edib. “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nurlan Həsənovun elmi məruzəsi maraqla qarşılanıb. Simpozium iştirakçılarına qoruq ərazisində aparılan arxeoloji tədqiqatlar, konservasiya və bərpa işləri barədə geniş məlumat təqdim edilib.

Çıxışlarda qədim Şəmkir və Sarayşık abidələri arasında memarlıq, müdafiə sistemi və şəhərsalma baxımından mövcud oxşarlıqlar xüsusi vurğulanıb. Qeyd olunub ki, hər iki şəhərin Böyük İpək Yolunun üzərində yerləşməsi onların strateji və ticarət baxımından mühüm rol oynadığını göstərir. Bu oxşarlıqlar regionlarda eyni müdafiə və şəhər quruculuğu ənənələrinin formalaşdığını sübut edir.

Simpozium çərçivəsində universitetlər, elmi mərkəzlər və muzeylər arasında birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları da müzakirə olunub. Tədbir iştirakçıları üçün Atırau şəhərində yerləşən tarixi abidələrə və muzeylərə ekskursiyalar təşkil edilib.

Azərbaycan nümayəndələrinin çıxışları beynəlxalq elmi ictimaiyyətin diqqətini cəlb etməklə yanaşı, ölkəmizin mədəni irsinin təbliği baxımından mühüm addım kimi dəyərləndirilib.

Beynəlxalq simpozium Azərbaycan-Qazaxıstan elmi və mədəni əlaqələrinin daha da möhkəmlənməsinə, mədəni diplomatiyanın güclənməsinə və milli irsin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verib. Bu tədbir gələcəkdə yeni birgə elmi layihələrin və tədqiqat proqramlarının həyata keçirilməsi üçün də zəmin yaradıb.

Aləmzar Hüseynova

“Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi