Naxçıvan Dövlət Universitetində tanınmış maarifçi, Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, muxtar respublikanın Əməkdar müəllimi Nazlı Nəcəfovanın 135 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Tədbirdən əvvəl Nazlı Nəcəfovanın Naxçıvan şəhərində yerləşən məzarı ziyarət olunub.

Konfransda Nazlı Nəcəfovanın həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək Nazlı Nəcəfovanın qadınların təhsil imkanlarının genişlənməsi, maarifçilik ideyasının yayılması və cəmiyyətin tərəqqisi naminə mənalı ömür sürdüyünü bildirib. Qeyd edib ki, qadın azadlığının məhdud olduğu dövrdə Nazlı Nəcəfovanın keçdiyi çətin sınaqlarla dolu yolun arxasında xalqa, millətə sevgi və əsl vətənpərvərlik hissləri dayanırdı. O, Azərbaycan maarifçilik mühitinin inkişafına böyük töhfələr verib. İrəvan və Naxçıvanda qızlar üçün məktəblərin açılmasında əməyini əsirgəməyən Nazlı Nəcəfovanın həyat və yaradıcılığı universitetdə təhsil alan tələbələr üçün geniş araşdırma mövzusudur.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov qadınların təhsilli cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdən biri olduğunu vurğulayıb. Bildirib ki, qızların təhsilinə dəstək verilməsi həm də cəmiyyətin tərəqqisi üçün böyük əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, NDU-nun professoru, tarix elmləri doktoru Sevinc Abbasova da görkəmli pedaqoqun fəaliyyətindən söz açıblar.

Nazlı Nəcəfovanın nəticəsi, elm və təhsil sahəsi üzrə Prezident mükafatçısı Cabbar Hüseynli elm və maaif fədaisi Nazlı Nəcəfova haqqında səsləndirilən dəyərli fikirlərə və konfransın təşkilinə görə ailələri adından minnətdarlığını bildirib.

NDU-nun Fizika-riyaziyyat fakültəsinin fizika müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Əsmər Mikayılovaya ilk dəfə təsis olunan “Nazlı xanım Nəcəfova adına tələbə təqaüdü” təqdim edilib.

Tədbirdən sonra universitetinin Pedaqoji fakültəsində Nazlı Nəcəfovanın adını daşıyan auditoriyanın açılışı olub.