Naxçıvan Dövlət Universitetində (NDU) Novruz bayramı münasibətilə şənlik təşkil olunub.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir qədim ənənələrə uyğun olaraq, Dədə Qorqud xeyir-duası və Bahar qızının təbriki ilə başlanıb.
Universitetin rektoru Elbrus İsayev çıxış edərək Novruzun xalqımızın ən qədim, ən əziz bayramlarından biri olduğunu qeyd edib. Bildirib ki, işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda bu gün Novruz sevinci yaşanır, bayram tonqalları qalanır.
Elbrus İsayev çıxışında universitetin əldə etdiyi uğurlardan, tələbələrin elmi və yaradıcı nailiyyətlərindən də danışıb, kollektivi bayram münasibətilə təbrik edib.
Novruzun əsas atributlarından olan bayram tonqalı alovlandırılıb.
NDU nəzdində Texniki Kollecinin “Yallı” qrupu, nağaraçılar qrupu və Naxçıvan Musiqi Kollecinin rəqs ansamblı maraqlı çıxışlarla şənliyə rəng qatıb.
Fakültələr tərəfindən hazırlanmış Novruz sərgisinə baxış keçirilib, burada tələbələrin əl işləri, rəsm əsərləri nümayiş etdirilib. Sərgi zamanı muğam üçlüyü və saz qrupunun ifaları da dinlənilib.
Tədbirin bədii hissəsində Novruz bayramının fəlsəfi mahiyyəti su, od, yel və torpaq ünsürləri üzərində qurulan səhnəciklər vasitəsilə təqdim olunub. “Dörd ünsürün mübahisəsi” kompozisiyası, Kosa və Keçəl obrazlarının məzəli çıxışları, yumurta döyüşdürməsi nümayiş etdirilib.
NDU nəzdində gimnaziya və Beynəlxalq Kembric məktəbi şagirdlərinin xor ifaları, musiqi nömrələri və müxtəlif ifaçıların çıxışları da maraqla qarşılanıb.
Sonda Tələbə teatr studiyasının hazırladığı “Söylə” və “Tənzərə” yallıları universitet kollektivi ilə birgə ifa olunub.
























