Bakı Xoreoqrafiya Akademiyasının Orta ixtisas təhsil pilləsinin direktoru Xatirə Tahirova ilə müsahibə
Bakı Xoreoqrafiya Akademiyası (BXA) ölkəmizdə rəqs sənətinin inkişafı, milli xoreoqrafiya ənənələrinin qorunması və gələcək peşəkar kadrların hazırlanması istiqamətində mühüm fəaliyyət göstərir. 2025/2026-cı tədris ilinin yekunları, əldə olunan nəticələr, təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, eləcə də qarşıdan gələn qəbul prosesi ilə bağlı suallarımızı BXA-nın Orta ixtisas təhsil pilləsinin direktoru Xatirə Tahirova cavablandırır.
– Xatirə xanım, 2025/2026-cı tədris ilini necə qiymətləndirirsiniz? Bu il hansı nəticələrlə yadda qaldı?
– Cari tədris ili Bakı Xoreoqrafiya Akademiyasının Orta ixtisas təhsil pilləsi üçün mühüm nailiyyətlərlə yadda qalan, səmərəli və məhsuldar bir dövr olmuşdur. Tədris ilinin əvvəlində qarşıya qoyduğumuz əsas hədəflər tədris keyfiyyətinin yüksəldilməsi, tələbələrin peşəkar hazırlığının daha da gücləndirilməsi, yaradıcılıq potensialının inkişaf etdirilməsi və əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanması idi.
Məmnunluqla qeyd edə bilərəm ki, il ərzində həyata keçirilən sistemli tədbirlər nəticəsində bu məqsədlərin böyük hissəsinə nail olunmuşuq. Tədris proqramları tam icra edilmiş, tələbələrin nəzəri və praktik biliklərinin inkişafı istiqamətində ardıcıl iş aparılmışdır. Tələbələrimiz müxtəlif səviyyəli konsertlərdə, dövlət tədbirlərində, mədəni layihələrdə, yaradıcılıq festivallarında və müsabiqələrdə uğurla çıxış etmiş, akademiyanı layiqincə təmsil etmişlər.
Bu gün peşəkar sənət təhsili yalnız texniki hazırlıqla məhdudlaşmır. Müasir dövr yaradıcı düşüncə, analitik yanaşma, milli-mədəni dəyərlərə bağlılıq və beynəlxalq sənət mühitində rəqabət aparmaq bacarıqları tələb edir. Məhz bu prinsiplər bizim fəaliyyətimizin əsas istiqamətlərini təşkil edir.
– Təhsil keyfiyyətinin artırılması istiqamətində hansı işlər görülüb?
– Son illərdə ölkəmizdə həyata keçirilən təhsil islahatları peşə təhsili müəssisələri qarşısında da yeni vəzifələr müəyyənləşdirib. Bu baxımdan BXA-nın Orta ixtisas təhsil pilləsində tədrisin məzmununun müasir tələblərə uyğunlaşdırılması, keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi və tələbəyönümlü təhsil mühitinin formalaşdırılması istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir. Xüsusilə klassik rəqs, Azərbaycan xalq səhnə rəqsi, duet rəqsi, müasir rəqs, musiqi nəzəriyyəsi, ifaçılıq və metodiki fənlər üzrə tədrisin keyfiyyətinin artırılmasına diqqət yetirilmişdir. Tələbələrin fərdi inkişaf trayektoriyasının müəyyənləşdirilməsi, onların yaradıcılıq potensialının üzə çıxarılması və peşəkar bacarıqlarının inkişaf etdirilməsi əsas prioritetlərdən olmuşdur. Tədris prosesində innovativ yanaşmaların tətbiqi, rəqəmsal resurslardan istifadə imkanlarının genişləndirilməsi və müasir pedaqoji metodların inteqrasiyası da görülən işlər sırasında xüsusi yer tutur.
– Müasir xoreoqrafiya təhsilində nəzəri hazırlıqla yaradıcılıq fəaliyyətinin vəhdəti xüsusi əhəmiyyət daşıyır. Orta ixtisas təhsil pilləsində tələbələrin səhnə təcrübəsinin formalaşdırılması və yaradıcılıq potensialının inkişaf etdirilməsi istiqamətində hansı işlər həyata keçirilir?
– Xoreoqrafiya təhsilində yaradıcılıq fəaliyyəti tədrisin ayrılmaz tərkib hissəsidir. Səhnə təcrübəsi olmadan peşəkar ifaçı yetişdirmək mümkün deyil. Bu baxımdan tələbələrimizin müxtəlif səhnələrdə çıxış etməsi, konsert proqramlarında, festivallarda və mədəni layihələrdə iştirakı daim diqqət mərkəzində saxlanılır. Akademiyada əldə edilən nəzəri biliklər və praktik vərdişlər məhz bu fəaliyyətlər vasitəsilə daha da möhkəmləndirilir. Biz çalışırıq ki, məzunlarımız yalnız diplom sahibi deyil, eyni zamanda peşəkar səhnədə uğurla fəaliyyət göstərə biləcək yüksək səviyyəli sənət adamları kimi formalaşsınlar.
– Mədəniyyət və incəsənət sahəsində təhsil alan gənclərin milli kimlik şüurunun formalaşdırılması, Azərbaycançılıq ideologiyasına sadiq vətəndaş kimi yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bakı Xoreoqrafiya Akademiyasının Orta ixtisas təhsil pilləsində tələbələrin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi və vətənpərvərlik ruhunun aşılanması istiqamətində görülən işlər barədə nə deyə bilərsiniz?
– Hesab edirəm ki, incəsənət təhsili yalnız peşəkar bilik və bacarıqların aşılanması ilə məhdudlaşmamalıdır. Xüsusilə mədəniyyət sahəsində təhsil alan gənclərin milli-mənəvi dəyərlərə bağlı, yüksək vətəndaş məsuliyyətinə malik, Azərbaycançılıq ideologiyasına sadiq şəxsiyyət kimi formalaşdırılması təhsil müəssisələrinin əsas missiyalarından biridir. Çünki bugünkü tələbələr sabah ölkəmizin mədəniyyət elçiləri, milli irsimizin qoruyucuları və təbliğatçıları olacaqlar.
BXA-nın Orta ixtisas təhsil pilləsində tədris və tərbiyə prosesi qarşılıqlı vəhdət prinsipi əsasında qurulub. Biz tələbələrə yalnız peşəkar səhnə vərdişləri qazandırmağa deyil, eyni zamanda onların milli kimlik şüurunun, mənəvi dəyərlərə bağlılığının və dövlətçilik təfəkkürünün formalaşmasına xüsusi diqqət yetiririk. Bu istiqamətdə tələbələrin Azərbaycan rəqs sənətinin tarixi, milli musiqi mədəniyyəti, xalq yaradıcılığı ənənələri və görkəmli sənət xadimlərinin zəngin irsi ilə yaxından tanış olmaları üçün mütəmadi tədbirlər, yaradıcılıq görüşləri, maarifləndirici layihələr və açıq müzakirələr təşkil edilir. Xalqımızın çoxəsrlik mədəni irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi tələbələrimizin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
Eyni zamanda ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin daim yad edilməsi, Vətən müharibəsində iştirak etmiş qəhrəman qazilərimizin, o cümlədən sağlamlığını itirmiş müharibə iştirakçılarının şücaət nümunələrinin gənc nəslə çatdırılması, onların iştirakı ilə maarifləndirici görüşlərin və vətənpərvərlik tədbirlərinin təşkili akademiyada həyata keçirilən tərbiyə işinin mühüm istiqamətlərindən biridir. Tarixi Zəfərimizin mahiyyətinin tələbələrə düzgün şəkildə aşılanması, dövlət bayramları və əlamətdar günlərlə bağlı keçirilən tədbirlər gənclərdə vətənə bağlılıq, dövlətçilik təfəkkürü və milli qürur hissinin daha da güclənməsinə xidmət edir. Biz çalışırıq ki, tələbələrimiz müasir bilik və bacarıqlarla yanaşı, milli maraqları hər şeydən üstün tutan, dövlətinə və xalqına sadiq, yüksək mənəvi-əxlaqi dəyərlərə malik vətəndaşlar kimi formalaşsınlar.
Xoreoqrafiya sənəti milli-mədəni kimliyin ifadə vasitələrindən biridir. Bu baxımdan tələbələrimizin Azərbaycan rəqslərinin estetik xüsusiyyətlərini, milli dəyərlərimizi və xalqımızın mədəni yaddaşını dərindən mənimsəmələri xüsusi əhəmiyyət daşıyır. Biz inanırıq ki, milli köklərinə bağlı, zəngin mənəvi dünyagörüşünə malik və peşəkar hazırlıqlı gənclər gələcəkdə Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə daha geniş təbliğinə və tanıdılmasına mühüm töhfələr verəcəklər.
– Hər il yüzlərlə gəncin maraq göstərdiyi Bakı Xoreoqrafiya Akademiyasının Orta ixtisas təhsil pilləsinə qəbul prosesi ilə bağlı ictimaiyyətin diqqət mərkəzində olan məsələlərdən biri də qəbul qaydaları və ixtisas seçimidir. Bu istiqamətdə namizədləri hansı yeniliklər və imkanlar gözləyir?
– Bakı Xoreoqrafiya Akademiyasının Orta ixtisas təhsil pilləsinə qəbul hər il böyük maraq doğurur. Bu da təsadüfi deyil. Çünki BXA ölkənin peşəkar xoreoqrafiya və musiqi təhsili üzrə aparıcı ixtisaslaşmış təhsil müəssisələrindən biridir. Qəbul prosesi Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş qaydalar əsasında mərkəzləşdirilmiş şəkildə həyata keçirilir və iki mərhələdən ibarətdir.
Birinci mərhələdə namizədlərin ümumi hazırlıq səviyyəsi test imtahanı vasitəsilə qiymətləndirilir. Test mərhələsini uğurla keçən namizədlər ikinci mərhələyə – qabiliyyət imtahanına buraxılırlar. Qabiliyyət imtahanı xüsusi komissiya tərəfindən keçirilir və namizədlərin peşə potensialının, estetik duyumunun, musiqi eşitmə qabiliyyətinin, ritm hissinin, fiziki hazırlığının və yaradıcılıq imkanlarının qiymətləndirilməsinə xidmət edir.
Orta ixtisas təhsil pilləsində qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:
- Xoreoqrafiya sənəti;
- Rəqs müəllimliyi;
- İnstrumental ifaçılıq (fortepiano, tar, kamança, klarnet, balaban, nağara və digər musiqi alətləri).
Təhsil əyani formada həyata keçirilir. Normativ təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunanlar üçün 3 il, tam orta təhsil bazasından qəbul olunanlar üçün isə 2 il təşkil edir.
Xüsusilə qeyd etmək istərdim ki, "Xoreoqrafiya sənəti" ixtisasını seçən namizədlərin əvvəlcədən xoreoqrafiya istiqamətində baza hazırlığının olması çox vacibdir. Bu baxımdan xoreoqrafiya məktəblərinin və ixtisaslaşdırılmış sənət təmayüllü təhsil müəssisələrinin məzunlarının həmin ixtisas üzrə təhsil almaları daha məqsədəuyğun hesab olunur. Çünki peşəkar rəqs sənəti uzunmüddətli hazırlıq, xüsusi fiziki göstəricilər və davamlı məşq tələb edir. Bununla yanaşı, biz hər bir istedadlı gəncə öz potensialını nümayiş etdirmək imkanı yaradırıq və qəbul zamanı əsas meyar namizədin qabiliyyəti, peşəyə uyğunluğu və inkişaf perspektividir.
– Orta ixtisas təhsil pilləsində əldə olunan bilik və bacarıqlar məzunlara gələcək fəaliyyətlərində hansı imkanları yaradır? Onların həm peşəkar sənət mühitində, həm də təhsil sahəsində inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?
– Məzunlarımızın əhəmiyyətli bir hissəsi ölkənin aparıcı mədəniyyət və incəsənət müəssisələrində, peşəkar rəqs kollektivlərində, musiqi ansambllarında, teatr və konsert təşkilatlarında fəaliyyət göstərmək imkanı qazanır. Onlar əldə etdikləri peşə hazırlığı sayəsində milli və beynəlxalq səviyyəli layihələrdə iştirak edir, Azərbaycan mədəniyyətinin təbliğinə öz töhfələrini verirlər. Bu isə akademiyada verilən təhsilin keyfiyyətinin və praktik yönümlülüyünün mühüm göstəricilərindən biridir.
Digər mühüm istiqamət isə ali təhsil mərhələsidir. Orta ixtisas təhsil pilləsini uğurla başa vuran məzunlar təhsillərini bakalavriat səviyyəsində davam etdirərək öz ixtisasları üzrə daha dərin bilik və kompetensiyalar əldə etmək imkanına malik olurlar. Bu proses onların gələcəkdə həm ifaçı, həm pedaqoq, həm də yaradıcı rəhbər kimi formalaşmasına geniş perspektivlər açır.
Xüsusilə qeyd etmək istərdim ki, müasir dövrdə mədəniyyət sahəsində uğurlu karyera yalnız peşəkar ifaçılıq bacarıqları ilə məhdudlaşmır. Bu sahədə fəaliyyət göstərən şəxslərdən yaradıcı düşüncə, liderlik keyfiyyətləri, kommunikasiya bacarıqları, milli-mədəni dəyərlərə bağlılıq və innovativ yanaşmalar da tələb olunur. Həyata keçirilən tədris və tərbiyə prosesi məhz bu keyfiyyətlərin formalaşdırılmasına xidmət edir.
Bizim əsas məqsədimiz yalnız bugünün deyil, gələcəyin tələblərinə cavab verən mütəxəssislər yetişdirməkdir. Bu baxımdan BXA-nın məzunları həm peşəkar sənət mühitində, həm də təhsil və mədəniyyət sektorunda uğurlu fəaliyyət göstərmək üçün zəruri bilik və bacarıqlara yiyələnirlər. Onların əldə etdikləri nailiyyətlər və müxtəlif sahələrdə qazandıqları uğurlar isə kadr hazırlığı sahəsində həyata keçirilən siyasətin düzgün və məqsədyönlü olduğunu bir daha təsdiqləyir.
– Qarşıdakı tədris ili üçün əsas strateji hədəfləriniz nədən ibarətdir?
– Qarşıdakı dövrdə əsas məqsədimiz təhsil keyfiyyətinin daha da yüksəldilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müasir tədris texnologiyalarının tətbiqi və yaradıcı mühitin daha da inkişaf etdirilməsidir. Eyni zamanda milli xoreoqrafiya məktəbinin zəngin ənənələrinin qorunması, Azərbaycan rəqs sənətinin gələcək inkişafı üçün peşəkar kadr potensialının gücləndirilməsi, tələbələrin yaradıcılıq və ifaçılıq imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.
Əminik ki, Bakı Xoreoqrafiya Akademiyasının Orta ixtisas təhsil pilləsi bundan sonra da ölkəmizin mədəniyyət və incəsənət həyatına layiqli töhfələr verən peşəkar sənətkarların yetişdirilməsində öz missiyasını uğurla davam etdirəcək.



















