Avqustun 10-u tanınmış yazıçı-publisist, şair, tarixçi, filosof Əlisa Nicatın (Əlisa Qulam oğlu Hüseynov) 90 illik yubileyidir.

Milli Kitabxanada yubilyara həsr edilmiş kitab sərgisi təşkil edilib.

Kitabxanadan bildirilib ki, sərgidə Əlisa Nicatın əsərləri, tərcümələri, eləcə həyat və yaradıcılığı haqqında kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Əlisa Nicat Azərbaycan ədəbiyyatında fəlsəfi hekayə və pritça janrının inkişafına mühüm töhfələr verib, tarixi roman və fəlsəfi antologiya-ensiklopediyaların müəllifi kimi tanınıb. O, “Gəncəli müdrik”, “Nağıllara dönən tarix”, “Ehram”, “Sarsılmaz Mir Cəfər”, “Mələklər və iblislər”, “Rza xan”, “Qızılbaşlar”, “Fenomen”, “Əsrin mənzərəsi”, “Sirli xəzinə”, “Müdriklik məbədi”, “Bülbül və gül”, “101 Dahi”, “Qızıl fəlsəfə”, “Tiranlar və kölələr”, “Vətənpərvər” və digər əsərlərin müəllifidir.