Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor, prodüser Türkan Hüseynin “Xatırladığını eşit” bədii film layihəsi Rotterdam Beynəlxalq Film Festivalının Hubert Bals Fondundan ssenari inkişaf dəstəyi qazanıb.
Bu barədə AKİ məlumat yayıb.
Məlumata görə, sözügedən müsabiqədə Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiyadan ümumilikdə 20 layihə qalib gəlib, hər layihə 10.000 avro qrant udub.
“Xatırladığını eşit” bədii film layihəsinin ssenari müəllifi Türkan Hüseyn, prodüseri Emil Nəcəfov, ko-prodüserlər Kəmalə İsrafilova, Fəxriyyə İsmayilovadır.
Süjetə əsasən, qətl işi üzrə məhkəmədə həlledici şahid olan qadın şüurunun dərinliklərində basdırılmış, şahid olduğu hadisəni yenidən bərpa etməli, eyni zamanda, həqiqəti öz istədikləri kimi formalaşdırmağa çalışan manipulyativ qüvvələrə qarşı mübarizə aparmalıdır.
Layihə bundan öncə Fransa İnstitutunun CNC ilə birgə Kann şəhərində keçirilən Türkiyə və Qafqaz üzrə film proyektlərinin pitçinqi və Torino film laboratoriyasına seçilib iştirak etmiş, inkişaf etdirilmişdir.





















