Martın 17-də Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi (RMİ), F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə Dövlət Kukla Teatrı və Gəncə Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə İlaxır çərşənbə və Novruz bayramı münasibətilə ümumşəhər şənliyi keçirilib.
Gəncə-Daşkəsən RMİ-dən bildirilib ki, tədbirdə rəsmi şəxslər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Gəncə Dövlət Filarmoniyasının qarşısındakı meydanda musiqi kollektivlərinin çıxışları olub. Milli adət-ənənələri əks etdirən səhnəciklər, zorxana idmanı nümayişi də maraqla qarşılanıb.
İştirakçılar “Gəncəsənət” incəsənət, sənətkarlıq və yaradıcılıq sərgisi, eləcə də Urban Mərkəzdə təşkil edilən “Bahar sərgisi” ilə tanış olublar.
Bayram şənliyi Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının konsert proqramı ilə davam edib. Meydanda qalanan bayram tonqalı ətrafında sənətçilər və şəhər sakinləri birlikdə "Yallı" rəqs ediblər.

























