Noyabrın 7-dən 11-dək Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən BMT-Turizmin (UN Tourism) İcraiyyə Şurasının 124-cü və 125-ci sessiyalarında Azərbaycanın İcraiyyə Şurasına üzvlüyü təsdiq olunub.

Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan nümayəndə heyəti həmçinin BMT-Turizmin Baş Assambleyasının 26-sı sessiyasında iştirak edib.

Baş Assambleya iclası çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Braziliyanın Turizm Nazirliyinin dövlət katibi Ana Karla Maçado Lopes ilə görüşüb. Görüş zamanı “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə və Braziliya Federativ Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu" imzalanıb.

Fuad Nağıyevlə Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat və turizm naziri Abdulla bin Touq Al Marri arasında keçirilən görüşdə isə turizm sahəsində ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.

Qeyd edək ki, BMT-Turizmin Baş Assambleyasının 26-cı sessiyasında təşkilatın yeni baş katibi xanım Şaixa Əl Novais təsdiq olunub. Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Şaixa Al Novais 2026-2029-cu illərdə BMT Turizmə rəhbərlik edəcək.