Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Bakı Uşaq və Gənclər Teatrı (BUGT) “Addım-addım Vətəndə” layihəsi davam edir.
Layihənin Zəfər Gününə həsr olunmuş növbəti tədbiri Füzuli Dövlət Dram Teatrında (Horadiz şəhəri) təşkil edilib.
Öncə Azərbaycan Respublikasịnın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra aparıcılar çıxış edərək hər iki teatrın yaranma tarixi, repertuarı, iştirak etdiyi beynəlxalq və daxili festivallar haqqında məlumat veriblər.
BUGT-nin arəhbəri rejissor, aktyor, Əməkdar artist İntiqam Soltan və Füzuli teatrının direktoru Azər Abbasov çıxışalarında layihə haqqında danışıblar.
Proqramda Füzuli Dövlət Dram Teatrının aktyorları İntizar Quliyeva və Zamin Quliyevin ifasında Qarabağa həsr olunmuş kompozisiya nümayiş olunub. Kompozisiyanın rejissoru Füzuli teatrının baş rejissoru Prezident mükafatçısı Mirzə Nicatdır.
Daha sonra BUGT-nin repertuarında xüsusi yer tutan “Vətən” tamaşası nümayiş olunub. İntiqam Soltanın quruluş verdiyi səhnə əsərində aktyorlar Niyaz İlyasoğlu, Rauf Hüseynli və Qurban Əhmədov çıxış ediblər.
Tədbirin sonunda BUGT-yə Füzuli teatrının təşəkkürnaməsi təqdim edilib. Həmçinin Füzuli teatrı tərəfindən BUGT fəxri fərmanla təltif olunub.
Qeyd edək ki, “Addım-addım Vətəndə” layihəsi bundan əvvəl Lənkəran Dövlət Dram Teatrı və Qusar Dövlət Ləzgi Dram Teatrı ilə birgə həyata keçirilib.
Layihəyə bölgə teatrlarının iştirakı ilə Bakıda təşkil olunacaq festivalla yekun vurulması planlaşdırılır.
























