Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının iştirakı ilə 44 Vətən müharibəsində qazanılmış Qələbəmizin 5-ci ildönümünə həsr olunmuş “Zəfər Andı” adlı ədəbi-bədii gecə keçirilib.

Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllülər, tələbə gənclər, ictimaiyyət və media nümayəndələri olmaqla 2000-nə yaxın şəxs iştirak edib.

Tədbirdə Aprel döyüşləri şəhidi, “Murov Qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Alızadə, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş leytenantı Valeh Bədəlovun anası Südabə Qazıyeva və Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru, “Böyük Qayıdış” Gənclər Təşkilatının fəxri üzvü Zaur Hüseynov çıxış ediblər.

Bildirilib ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizin 5-ci ildönümünü böyük qürur və iftixarla qeyd edir. Vurğulanıb ki, şəhidlərimizin narahat ruhları indi şaddır, torpaqlarımız işğalçılardan tam azad olunub, ərazi bütövlüymüz təmin edilib, bu gün üçrəngli bayrağımız bütün işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır, uzun illər həsrətində olduğumuz doğma torpaqlara Böyük Qayıdışımız başlayıb, Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, geniş bərpa-quruculuq işləri aparılır, bu torpaqların əsl sahibləri qayıdıblar. 

Həmçinin çıxışlarda qəhrəmanlıq tariximizin gənclər arasında təbliğ edilməsi, gənclərə, yetişməkdə olan gənc nəsilə öz qanları və canları bahasına tarix yazan igid Vətən övladlarının tanıdılması üçün bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbir tanınmış incəsənət xadimlərinin və istedadlı gənclərin təqdimatında “Zəfər Andı” bədii kompozisiyası ilə davam edib.

Quruluşçu rejisoru Əməkdar artist Nicat Kazımov, ssenari müəllifi şair, kinodramaturq İlqar Fəhmi olan kompozisiyada Azərbaycan xalqının qəhrəman övladlarının Vətənin azadlığı uğrunda göstərdikləri şücaət və qəhrəmanlıqlar, Vətən müharibəsi və antiterror əməliyyatlarını əhatə edən vacib hadisələr bədii, musiqili və teatral formada tamaşaçılara təqdim edilib.