Rus şairi və yazıçısı Korney İvanoviç Çukovski (1882–1969; əsl adı: Nikolay Vasiliyeviç Korneyçukov) dünya uşaq ədəbiyyatının tanınmış nümayəndələrindən biridir. Onun müəllifi olduğu mənzum nağıllar, eləcə də nəsr əsərləri müxtəlif dillərə tərcümə edilib.

Korney Çukovski yaradıcılığından nümunələr Azərbaycan dilinə də tərcümə olunub və indiyədək bir neçə nəsil uşaqların sevimli əsərləri sırasında yer alıb. Onlardan biri də "Moydodır" şeiridir.

Müxtəlif vaxtlarda bu şeir (mənzum nağıl) tanınmış şair və tərcüməçilər Teymur Elçin (1924–1992) və Səyavuş Məmmədzadə (1935–2022) tərəfindən Azərbaycan dilində oxuculara təqdim olunub.

Şeirin Azərbaycan dilinə daha bir tərcüməsini Ülkər Zeynal ərsəyə gətirib. Tərcüməni təqdim edirik.

***

Korney Çukovski

Moydodır

(Tərcümə edən: Ülkər Zeynal)

 

Adyalım qaçdı məndən,

Mələfəm uçdu birdən,

Yastığım qurbağatək

Tullandı üzərimdən.

 

Əl atdım mən tez şama,

Şam atıldı sobaya!

Götürəndə kitabı

Cəld yetişdi çarpayı.

Tez hoppana-hoppana

Kitab cumdu altına.

 

Mən çay içmək istədim,

Samovarı səslədim,

Amma o gonbul birdən

Od olub qaçdı məndən.

 

Nə olub, nə baş verir?

Nədəndir ətrafımda

Hər şey dönür, hərlənir,

Dövrə vurur top kimi?!

Ütülər təkərlərin,

Təkər şirin çörəyin,

Çörəklər ütülərin,

Kürək uzun kəmərin

Ardınca qovalayır.

 

Bu dəmdə əlüzyuyan

Əyriayaq, axsayan

Anamın otağından

Başını yelləyərək

Gəldi birbaş üstümə:

“Səni, natəmiz, pinti!

Boru təmizləyəntək

Gəzirsən iyrənc, çirkli!

 

Boynunda var qaraltı,

Ləkədir burnunun altı.

Əllərinin çirkindən

Hətta şalvarın sənin

Qaçıb-gedib əynindən.

 

Səhər tezdən duranda

Üzünü yuyur hamı –

Lap balaca pişiklər,

Siçanlar və ördəklər,

Hörümçək və böcəklər.

Təkcə sən yuyunmursan.

Murdar, çirkli qalırsan.

Ona görə də səndən

Qaçır corab və çəkmən.

 

Mən – Böyük Əlüzyuyan,

Möhtəşəm Moydodıram!

Əlüzyuyanlar sədri,

Süngərlərin şahıyam.

Döyərəm ayağımı

Ordumu səsləyərəm.

Bu otaq dolub-daşar,

Əlüzyuyanlar çoşar,

 Qışqırıb, səs salarlar,

Yeri tapdalayarlar

Və sənə baş yumağa

Qəti əmr verərlər:

“Tez ol, tez ol, vannaya!

Birbaşa yuyunmağa!

Birbaşa yuyunmağa!”

 

O, mis ləyənə vurdu,

“Tez düzlənin sıraya!” –

Deyib ordunu yığdı.

 O dəqiqə fırçalar

Ortaya atıldılar.

Tutub bizim pintini

Yumağa başladılar,

Şən mahnı oxudular:

“Səni pinti, natəmiz,

Edəcəyik tərtəmiz”.

Sabun gəldi, nə gəldi

Saçlarıma “güc” gəldi

Köpükləri gözümü

Arı kimi dişlədi.

 

Hamam lifinin əlindən

Qaçdım sanki dəlidən.

O da mənim dalımca

Bağ-bağçada şütüdü.

Uçdu hündür hasardan

Dişlədi yanağımdan.

 

Birdən rastıma çıxdı

Sevimli Timsah dayı.

O gəzməyə çıxmışdı

Yanında da dostları.

Açıb böyük ağzını

Uddu hamam lifini.

Ucadan nərildədi

Görən kimi o məni:

“Sən tez çıx get evinə

Əl-üzünü təmizlə.

Yoxsa əsəbiləşərəm

Bu hamam lifi kimi

Tutub səni yeyərəm”.

 

Qorxudan mən özümü

Bir balaca itirdim.

Qəzəbli moydodıra

Tez özümü yetirdim.

Sabunlanıb mən yaman

Yuyundum dayanmadan.

Yudum qara ləkəni,

Üzümün də çirkini

Bircə anda bitirdim,

Tərtəmiz kisələndim.

 

Şalvar qaçdı yanıma,

Bütün əşyaları da

O çağırdı yanıma.

Boşqabdakı kökə də,

Şorqoğalla birlikdə

Qabağımda düzüldü –

Yemək işi çözüldü.

Kitab dövrə vururdu,

Dəftər dövrə vururdu,

Riyaziyyat, ana dili

Əl-ələ rəqs edirdi.

 

Bu dəmdə əlüzyuyan –

Süngər, fırça, sabunun

Şahı olan Moydodır

Əl-qol ataraq gəldi,

Mənə xoş söz söylədi:

“Afərin, möhtəşəmsən,

Çimib, təmizlənmisən.

Bu halda sən, ay dəcəl

Çox xoşuma gəlirsən.

Hər dəfə axşam-səhər

Yuyun, olarsan gözəl.

Natəmizlərsə, vay-vay,

Olacaq tamam rüsvay!

 

Yaşasın yumşaq dəsmal,

Sabun, daraq və fırça.

Gəlin birlikdə çimək,

Suya dalaq, əylənək.

Çömçə, ləyən və tasda,

Çay, dəniz, okeanda –

Və vannada, hamamda,

Hər zaman və hər yerdə –

Alqışlar olsun suya!