İyulun 31-də Nizami Kino Mərkəzində 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə tədbir təşkil edilib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, kinonun təsiri cəmiyyətin müxtəlif istiqamətlərində hiss olunur. Azərbaycanda kino sahəsinə dövlət səviyyəsində hər zaman diqqət və dəstək göstərilib.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı isə milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb.

Prezident İlham Əliyevin Fərmanı ilə kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə 2022-ci ildə Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyi yaradılıb.

Yerli filmlərin beynəlxalq səviyyədə tanıdılması, kino infrastrukturunun inkişafı və peşəkar kadr hazırlığı prioritetlərdəndir. Bu barədə danışan Kino Agentliyinin baş direktoru Rəşad Əzizov vurğulayıb ki, bu sənətin inkişafı üçün güclü kino sənayesinin formalaşdırılması vacibdir. Onun sözlərinə görə, kino sahəsində fəaliyyət göstərən subyektlərin sayının artması, dövlət və özəl sektor arasında əməkdaşlığın genişlənməsi, yeni iş yerlərinin yaradılması və vahid ekosistemin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.

Baş direktorun bildirdiyinə görə, hazırda 10 tammetrajlı bədii film istehsal edilir. Onlardan beşi artıq təhvil verilib, bir qismi kinoteatrlarda nümayiş etdirilib, digərləri isə yaxın aylarda tamaşaçılara təqdim olunacaq.

Daha sonra bu il istehsal olunan filmlərin treylerlərindən ibarət videoçarx göstərilib.

Tədbirdə qonaq qismində iştirak edən Vyetnam Kino Assosiasiyasının prezidenti Do Lenh Hung Tu Azərbaycanın görkəmli kino xadimi, rejissor Əjdər İbrahimovun 1959-1962-ci illərdə Vyetnamda yaradıcı və pedaqoji fəaliyyətindən, bu ölkənin mili kinosunun yaradılmasında müstəsna rolundan söz açıb. Azərbaycanda hazırda keçirilən "Vyetnam günləri"ndən bəhs edən qonaq ölkələrimiz arasında kino sahəsində əlaqələrin də genişlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev SSRİ Xalq artisti Əjdər İbrahimovun Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən danışıb, onun bu sahədə gördüyü işləri yüksək qiymətləndirib.

Sonra görkəmli kinorejissor Əjdər İbrahimov (1919-1993) haqqında sənədli film göstərilib.

Tədbirin davamında milli kino sənayesinin il ərzində səmərəli fəaliyyət göstərmiş nümayəndələri mükafatlandırılıb. 

Ölkə kinoteatrlarında il ərzində ən çox tamaşaçı toplamış yerli filmlərə görə təşəkkürnamələr təqdim edilib.

Həmçinin Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) keçirdiyi “Sən, ey uşaqlıq” tammetrajlı bədii film ssenari müsabiqəsinin qaliblərinə mükafatlarlar verilib.

Kino gecəsində iki premyera – “Eyni yağışın altında” adlı cizgi filmi ("Perifilm") və “Divarın o üzü” qısametrajlı bədii filmi (rejissor və ssenari müəllifi Asiman Ağa Rövşən) təqdim olunub.

Sonda səhnəyə dəvət olunan hər iki filmin yaradıcı heyətinə maraqlı ekran işlərinə görə təşəkkür ifadə edilib.

***

Bu il Azərbaycan kinosu üçün məhsuldar illərdən biri kimi qiymətləndirilə bilər. Yeni nəsil kino yaradıcıları formalaşır və onların çəkdiyi filmlər tamaşaçıların diqqətini cəlb edir.

Bunu Kino Günü münasibətilə tədbirdə jurnalistlərə açıqlamasında AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov deyib.

O diqqətə çatdırıb ki, televiziya kanallarında yerli filmlərin nümayişi də əvvəlki illərlə müqayisədə artıb. “Eyni zamanda, istehsal olunan filmlərin sayı çoxalır, mövzu və janr baxımından daha geniş çeşid yaranır. Bu müxtəliflik Azərbaycan kinosunun inkişaf etdiyini və daha zəngin məzmun qazandığını göstərir”, - deyə Əli İsa Cabbarov əlavə edib.

 

medeniyyet.info.az