Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının “Milli opera incilərimiz” layihəsi çərçivəsində teatrın solistlərinin iştirakı ilə vokal konserti keçirib.
Milli operaların ən gözəl vokal nümunələrindən ibarət konsert Bakı Musiqi Akademiyasının Opera studiyasında təqdim olunub.
Proqrama Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Niyazi, Şəfiqə Axundova, Ramiz Mustafayev və Firəngiz Əlizadənin əsərlərindən parçalar daxil edilib.
Teatrın simfonik orkestri və xorunun müşayiəti ilə Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, İlahə Əfəndiyeva, Cahangir Qurbanov və Səbinə Vahabzadə, solistlər Adil Axundov, Mahir Tağızadə, Rəvanə Əmiraslanlı, Xəyal Hüseynov, Səma Həmzəyeva, Aytac Şıxəlizadə, Günel Hacıyeva, Fəhmin Əhmədli, Aydan Quliyeva, Orxan Cəlilov iştirak ediblər.
Konserti dirijor Əməkdar artist Əyyub Quliyev idarə edib. Xormeyster Əməkdar artist Sevil Hacıyeva, layihənin direktoru Əməkdar artist İnarə Babayeva olublar.
Layihənin məqsədi zəngin milli musiqi irsini təqdim etmək, klassik operanı populyarlaşdırmaq və bu unikal ənənənin gələcək nəsillər üçün qorunub saxlanmasına töhfə verməkdir.
























