23-26 oktyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşkilatçılığı, Qırğızıstan-Türkiyə Manas Universitetinin dəstəyi ilə II Türk Dünyası Gənclik Görüşü keçirilib.
Görüşdə Azərbaycan və digər türkdilli ölkələrlə yanaşı, Almaniya, Avstriya, Şimali Makedoniya və Gürcüstandakı türk icmaları və diaspor nümayəndələrindən ibarət 100-dək gənc iştirak edib.
Bu il Yusuf Balasaqunlu adına Qırğız Milli Universitetinin 100 illik yubileyi çərçivəsində təşkil olunan proqramda ölkəmizi mədəniyyət sahəsindəki xüsusi fəaliyyətləri ilə seçilən beş nəfər gənc təmsil edib.
Görüşün açılışında iştirakçılar mədəni qarşılıqlı əlaqə, ortaq kimlik və gənclər arasında həmrəyliyin gücləndirilməsinə həsr olunmuş sessiyalarda yer alıblar.
Proqram çərçivəsində keçirilən TÜRKSOY Daimi Şurasının Simulyasiya Toplantısında müxtəlif ölkələrdən gələn gənclər qərar qəbuletmə proseslərini təcrübədən keçirib. Azərbaycanlı gənclər də bu sessiyada fəallıq göstəriblər.
Tədbir zamanı iştirakçılar Türk dünyasının ortaq yaddaşında mühüm yer tutan Atabeyit Kompleksini ziyarət edərək tarixi şəxsiyyətləri və qırğız xalqının şəhidlərini yad ediblər.
Proqram müddətində keçirilən mədəni və tarixi səfərlər vasitəsilə gənclər Bişkek və ətraf ərazilərin önəmli məkanlarını yaxından tanımaq, Qırğızıstanın təbiət gözəlliklərini və qədim mədəni irsini görmək imkanı qazanıblar.
II Türk Dünyası Gənclik Görüşü qardaş xalqlardan olan gənclərin dostluqlar qurmasına, ortaq düşüncə formalaşdırmasına və gələcəyə yönəlmiş mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verib. Azərbaycanlı gənclər Türk dünyasının müxtəlif bölgələrindən gələn həmyaşıdları ilə bir arada olmaqdan məmnunluq duyaraq TÜRKSOY-a təşəkkürlərini bildiriblər.
Xatırladaq ki, I Türk Dünyası Gənclik Görüşü ötən ilin noyabr ayında Qazaxıstanın Almatı şəhərində keçirilmişdi.






















