23-24 oktyabr tarixlərində Ankarada Türk dünyası kinematoqrafçılarının forumu keçirilib.

İlk dəfə təşkil edilən foruma Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kiprdən nümayəndələr, eləcə də İrandakı azərbaycandilli kinematoqrafın nümayəndəsi Rza Siami, Rusiya Federasiyasından (Çuvaşiya və Şimali Qafqaz) kino xadimləri qatılıb.

Türkiyə Jurnalistlər Birliyinin sədri Menderes Demirin təşkilatçılığı ilə keçirilən forum 10-cu Türk Dünyası Sənədli Filmlər Festivalı ilə eyni vaxta təsadüf edib. 

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) məlumat yayıb.

Forumda AKİ-ni ittifaqın üzvü, kinorejissor Mübariz Nağıyev təmsil edib. O, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayevin festivalın yubileyi ilə əlaqədar təbrik məktubunu və foruma salamlarını diqqətə çatdırıb.

Toplantıda ölkələrimiz və xalqlarımız arasında kino əməkdaşlığı və perspektivləri müzakirə olunub.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu forum iştirakçılarını qəbul edib. Türk dünyasında kino sənayesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Forumun gələcəkdə davamlı bir platformaya çevrilməsi planlaşdırılır.