Noyabrın 5-də Gürcüstanda, Bolnisi Muzeyində Azərbaycanın Xalq rəssamı, görkəmli qrafika ustası, professor Arif Hüseynovun “Zamanın ilmələri” layihəsi çərçivəsində yaratdığı əsərlərdən ibarət sərgi açılacaq.

Azərbaycanlıların kompakt şəkildə yaşadığı Bolnisi bölgəsində (Borçalı) milli xalça sənətimizin zəngin tarixi və ənənələri var. Sərgidə Arif Hüseynovun milli adət-ənənələrə sevgisini, bağlılığını tərənnüm edən, maraqlı süjet xəttinə malik silsilə əl işləri – kətan üzərində qarışıq texnikada 2024–2025-ci illərdə ərsəyə gətirdiyi 12 rəsm əsəri nümayiş olunacaq.

Sərgidə rəssamın “İki qəlbin hekayəsi” əsəri əsasında toxunan xalça da ekspozisiyada təqdim ediləcək. Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan xalça 70 rəng çalarından istifadə olunaraq yaradılan mürəkkəb kompozisiyalı sənət nümunəsidir.

Qeyd edək ki, sənətkarın əsəri ilk dəfə xalça dilinə çevrilib. Xalçanın yaranma mərhələlərini əks etdirən əsərlər, həmçinin süni intellekt vasitəsilə yaradılan videoçarx vasitəsilə də təqdim olunacaq. Layihə çərçivəsində Bolnisi sakinləri və qonaqları üçün Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsinin əməkdaşları tərəfindən “Xalça necə yaranır?” adlı ustad dərsi də təşkil ediləcək. Onlar xalçanın hazırlanmasının bütün mərhələlərində – qoyunun qırxılması, yunun daranması, əyrilməsi və xalçanın toxunması proseslərində iştirak edəcəklər.

Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirliklərinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstan Milli Muzeyinin təşkilatçılığı ilə həyata keçirilən sərgi dekabrın 5-dək davam edəcək.