Müsahibimiz Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynovadır
– Bəşarət xanım, ilk olaraq Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin spesifikliyi barədə məlumat verməyinizi xahiş edərdik.
– Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Respublikasında klassik balet və milli rəqs sənəti üzrə peşəkar mütəxəssislər hazırlayan yeganə ixtisaslaşmış təhsil kompleksidir. Akademiyanın tam orta təhsil pilləsi öz fəaliyyətini həm ümumtəhsil proqramları, həm də xüsusi ixtisas fənləri əsasında qurur. Burada təhsil alan şagirdlər bir tərəfdən dövlət təhsil standartlarına uyğun fundamental biliklər əldə edir, digər tərəfdən isə peşəkar xoreoqrafiya sənətinin sirlərinə yiyələnirlər.
Tam orta təhsil pilləsinin əsas məqsədi şagirdlərə elmlərin ümumi əsaslarını öyrətməklə yanaşı, onların fiziki, mənəvi və estetik inkişafını təmin etmək, sağlam həyat tərzi vərdişlərini formalaşdırmaq, milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etməkdir. Akademiyamız uzun illərə söykənən zəngin ənənələrə malikdir. Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri, tanınmış sənətkarlar, xalq və əməkdar artistlər məhz bu təhsil ocağında sənətin ilk sirlərini öyrənmiş, gələcək yaradıcılıq uğurlarının təməlini burada qoymuşlar.
Məktəbimizin əsas fərqləndirici xüsusiyyəti tədris prosesinin üç istiqamət üzrə təşkil edilməsidir: ümumtəhsil fənləri, xüsusi və ixtisas fənləri, eləcə də musiqi fənləri. İbtidai siniflərdə şagirdlər ümumi təhsil bilikləri ilə yanaşı, xüsusi gimnastika, parter gimnastikası, musiqili-ritmik tərbiyə və rəqsin əsasları üzrə ilkin bacarıqlar əldə edirlər. Xoreoqrafiya sənətinin baza elementləri məhz bu mərhələdə formalaşdırılır. Peşəkar səhnə fəaliyyətinə aparan yol isə beşinci sinifdən başlayır. Xüsusiləşmiş siniflərdə təhsil alan şagirdlərə klassik rəqs, Azərbaycan rəqsi, xalq-səhnə rəqsi, tarixi-məişət rəqsi fənləri tədris olunur. Xüsusi və parter gimnastikası fənləri daha dərindən mənimsədilir.
Şagirdlərimizin yaradıcılıq potensialının inkişafı məqsədilə onlar mütəmadi olaraq balet tamaşalarında iştirak edir, konsert proqramlarında çıxış edir, beynəlxalq müsabiqə və festivallarda ölkəmizi layiqincə təmsil edirlər. Akademiyada keçirilən ustad dərsləri, tanınmış sənət adamları ilə görüşlər və peşəkar müəllim heyətinin fəaliyyəti müasir dünyagörüşünə malik yaradıcı gənclərin formalaşmasına mühüm töhfə verir. Məzunlarımız dövlət nümunəli attestatlarla təhsil yolunda irəliləyirlər.
– Məktəbə şagird qəbulu hansı qaydada həyata keçirilir?
– Bakı Xoreoqrafiya Akademiyasına şagird qəbulu mövcud normativ sənədlərə uyğun olaraq, xüsusi yaradılmış qəbul komissiyası tərəfindən müsabiqə əsasında həyata keçirilir. Qəbul zamanı namizədlərin fiziki göstəriciləri, estetik görünüşü, hərəkət koordinasiyası, musiqi duyumu, ritm hissi və ümumi yaradıcılıq potensialı qiymətləndirilir. Məqsədimiz yalnız istedadlı deyil, eyni zamanda peşəkar xoreoqrafiya təhsili almaq üçün zəruri qabiliyyətlərə malik uşaqları müəyyən etməkdir.
Akademiyaya I-VIII siniflər üzrə qəbul aparılır. Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayan əcnəbilər və xarici ölkə vətəndaşları da müəyyən olunmuş qaydalara əsasən burada təhsil ala bilərlər. Bizim üçün ən vacib amillərdən biri uşağın bu sənətə marağı və daxili motivasiyasıdır. Çünki xoreoqrafiya sənəti böyük zəhmət, intizam, səbr və fədakarlıq tələb edir.
– Məktəb-valideyn münasibətlərini necə qiymətləndirirsiniz?
– Məktəb-valideyn əməkdaşlığı təhsil prosesinin uğurlu təşkilində mühüm rol oynayır. Bu əməkdaşlıq müəllim, valideyn və şagird arasında qarşılıqlı etimadın, məsuliyyət hissinin və sağlam psixoloji mühitin formalaşmasına xidmət edir. Valideynlərin tədris və xüsusilə tərbiyə prosesində fəal iştirakı uşaqların inkişafına müsbət təsir göstərir. Onların məktəblə sıx əlaqədə olması şagirdlərin təhsil nailiyyətlərinin yüksəlməsinə və sosial bacarıqlarının inkişafına şərait yaradır. Lakin bəzi hallarda valideynlərin şəxsi arzularını övladları vasitəsilə reallaşdırmağa çalışdıqlarının şahidi oluruq. Elə valideynlər var ki, uşağın marağını və istəyini nəzərə almadan onun mütləq balet və ya rəqs sahəsində təhsil almasını istəyirlər. Halbuki peşə seçimi ilk növbədə uşağın istedadı və daxili marağı əsasında müəyyənləşdirilməlidir.
Təcrübə göstərir ki, öz arzusu ilə deyil, məcburiyyət qarşısında bu sahəyə yönələn uşaqlar müəyyən müddətdən sonra çətinliklərlə qarşılaşırlar. Bu səbəbdən valideynlərə tövsiyə edirik ki, övladlarının maraqlarına həssas yanaşsınlar və onların gələcək seçimlərinə hörmətlə yanaşsınlar.
– Təhsil keyfiyyətinin yüksəldilməsi və yaradıcı mühitin daha da gücləndirilməsi istiqamətində görülən işlər haqqında nə deyə bilərsiniz?
– Hər bir təhsil ocağı dövlətin yaratdığı şəraitdən səmərəli istifadə edərək yeni nailiyyətlərə imza atmağa çalışmalıdır. Təhsil sahəsində əldə olunan uğurlar ilk növbədə keyfiyyətli tədris prosesinin təşkili, peşəkar pedaqoji kollektivin fəaliyyəti və sağlam təhsil mühitinin formalaşdırılması ilə bağlıdır. Bakı Xoreoqrafiya Akademiyasında da bu istiqamətdə sistemli və məqsədyönlü fəaliyyət həyata keçirilir. Akademiyanın əsas prioritetlərindən biri təhsil keyfiyyətinin daim yüksəldilməsi, müasir dövrün tələblərinə cavab verən, milli-mənəvi dəyərlərə bağlı, geniş dünyagörüşlü və peşəkar gənclərin yetişdirilməsidir. Bu məqsədlə tədris prosesinin məzmununun zənginləşdirilməsi, innovativ təlim metodlarının tətbiqi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və şagirdyönümlü təhsil mühitinin yaradılması istiqamətində ardıcıl işlər görülür.
Akademiyanın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən Nailə Məmməd-Zadənin rəhbərliyi ilə tədris prosesinin müasir tələblər səviyyəsində qurulmasına xüsusi diqqət yetirilir. Təhsilalanların nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara da yiyələnməsi, onların yaradıcı potensialının üzə çıxarılması və peşəkar inkişafının təmin olunması əsas hədəflərdəndir. Xoreoqrafiya təhsili öz spesifik xüsusiyyətlərinə görə yalnız biliklərin mənimsənilməsi ilə məhdudlaşmır. Bu sahədə şagirdlərdə intizam, məsuliyyət, əməksevərlik, estetik zövq, səhnə mədəniyyəti və komanda ruhu kimi keyfiyyətlərin formalaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Akademiyada yaradılmış sağlam və yaradıcı mühit şagirdlərin hərtərəfli inkişafına geniş imkanlar yaradır.
Təhsil keyfiyyətinin yüksəldilməsində müəllim amili xüsusi rol oynayır. Akademiyada çalışan təcrübəli pedaqoqlar, tanınmış sənət xadimləri və peşəkar mütəxəssislər öz bilik və təcrübələrini gənc nəslə ötürərək onların peşəkar formalaşmasına mühüm töhfə verirlər. Müəllimlərin ixtisasartırma proqramlarında iştirakı, metodiki seminarlar, ustad dərsləri və beynəlxalq təcrübə mübadiləsi tədrisin keyfiyyətinə müsbət təsir göstərir.
Akademiyada şagirdlərin milli-mənəvi dəyərlərə bağlı, yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi formalaşmasına xüsusi diqqət yetirilir. Vətənpərvərlik ruhunun aşılanması, milli-mədəni irsin təbliği, Azərbaycan rəqs sənətinin ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Bu fəaliyyətlər şagirdlərin yalnız peşəkar sənətçi kimi deyil, həm də layiqli vətəndaş kimi formalaşmasına xidmət edir.
Bu ilin mart ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin Akademiyaya səfəri, şagird və müəllim kollektivi ilə görüşü, tədris prosesi ilə yaxından tanış olmaları təhsil ocağımıza göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Belə görüşlər kollektiv üçün böyük motivasiya mənbəyi olmaqla yanaşı, qarşıya qoyulan vəzifələrin daha məsuliyyətlə yerinə yetirilməsinə stimul verir. Əminliklə deyə bilərəm ki, Bakı Xoreoqrafiya Akademiyasında yaradılmış müasir təhsil infrastrukturu, peşəkar pedaqoji mühit və davamlı inkişaf strategiyası gələcəkdə də təhsil keyfiyyətinin yüksəldilməsinə, ölkəmizin mədəniyyət və incəsənət sahəsinə layiqli töhfələr verəcək yeni nəslin yetişdirilməsinə xidmət edəcəkdir.
– Sonda oxucularımıza nə demək istərdiniz?
– İnanıram ki, qarşıya qoyduğumuz məqsədlərə nail olmaq, əldə etdiyimiz uğurları daha da artırmaq və zəngin təcrübəmizi inkişaf etdirmək üçün bundan sonra da birlikdə çalışacağıq. Fürsətdən istifadə edərək tədris ilinin uğurla başa çatması münasibətilə bütün şagirdlərimizi, valideynlərimizi, Akademiyanın professor-müəllim heyətini və əməkdaşlarını səmimi qəlbdən təbrik edir, hər birinə yeni nailiyyətlər, möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıram. Eyni zamanda, Bakı Xoreoqrafiya Akademiyasının qapılarının istedadlı, yaradıcı və sənətə maraq göstərən bütün uşaqların üzünə açıq olduğunu bir daha vurğulamaq istəyirəm. Gələcəyin peşəkar rəqqasları və balet ustaları məhz burada yetişir.























