Azərbaycan Dillər Universiteti (ADU) ilk dəfə dünyanın nüfuzlu universitet reytinqlərindən olan Round University Ranking (RUR) beynəlxalq reytinqində iştirak edərək uğurlu nəticə əldə edib.
ADU-dan bildirilib ki, universitet RUR 2026 reytinqində dünya üzrə 964-cü, ölkə üzrə isə 5-ci yeri tutub.
RUR (Round University Ranking) universitetlərin fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Bu reytinq universitetləri tədris, tədqiqat, beynəlxalq müxtəliflik və maliyyə dayanıqlılığı göstəriciləri əsasında qiymətləndirir. RUR reytinqi universitetlərin beynəlxalq səviyyədə nüfuzunu və rəqabət qabiliyyətini müəyyən etməyə kömək edir. Bu reytinq dünyanın müxtəlif ölkələrindən olan universitetlər haqqında müqayisəli məlumat təqdim edir.
ADU-nun ilk dəfə bu reytinqdə təmsil olunması universitetin beynəlxalq səviyyədə tanınmasının, eləcə də təhsil və elmi fəaliyyət sahəsində əldə etdiyi nailiyyətlərin göstəricisidir. ADU tədris sahəsi üzrə ölkə üzrə 2-ci, tədqiqat sahəsi üzrə 11-ci, beynəlxalq müxtəliflik üzrə 5-ci, maliyyə dayanıqlığı sahəsi üzrə 7-ci yerdə qərarlaşıb. Əldə olunan nəticə Azərbaycan Dillər Universitetinin qlobal akademik məkanda mövqeyinin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və keyfiyyətli təhsil mühitinin inkişafı istiqamətində həyata keçirilən ardıcıl fəaliyyətin mühüm göstəricisidir.





















