Oktyabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda istedadlı yazıçı, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fazil Güneyin (Abbasov) 80 illik yubileyi qeyd olunub.

Tədbirdə akademik Nizami Cəfərov Fazil Güneyin yaradıcılıq yolundan, əsərlərinin orijinal üslubundan danışıb. Bildirilib ki, müəllif Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi kimi çalışdığı illərdə də ədəbiyyatımızın təbliği istiqamətində mühüm işlər görüb. Yazıçı “Qara qan” kitabı və digər əsərləri ilə xalqımızın başına gətirilən müsibətlərə güzgü tutur, haqq işimizin dünyaya çatdırılması yolunda əlindən gələni əsirgəmir.

Xalq şairi Sabir Rüstəmxanlı diqqətə çatdırıb ki, Fazil Güneyin müxtəlif janrlarda yazılmış əsərlərinin aparıcı leytmotivi vətənpərvərlik, mənəvi saflıq, təmiz sevgi duyğularıdır. F.Güney yüzlərlə publisistik yazının, felyeton, pamflet və hekayələrin, elmi məqalələrin müəllifidir. Qarabağ münaqişəsindən bəhs edən üçcildlik “Qara qan” tarixi romanı, ədəbiyyat tariximizdə öz layiqli yerini tutmağa iddialı ən dəyərli ədəbi yaradıcılıq nümunəsidir. Qarabağ müharibəsi haqda, demək olar ki, ciddi tarixi-ədəbi əsərlərin olmadığı bir vaxtda üçcildlik trilogiya yazmaq böyük cəsarət tələb edir. Romanın iki cildi çap edilib, üçüncü cildi isə nəşrini gözləyir.

Tədbirdə digər çıxış edənlər Fazil Güneyin özünəməxsus yaradıcılıq yolundan söz açıblar.

Bildirilib ki, 1963-cü ildə daxil olduğu Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin “Ərəb dili tərcüməçiləri” şöbəsində oxuyarkən Fazil Güneyi universitet qəzetinə dəvət ediblər. O, hələ tələbəlik illərindən əvvəl doğulduğu Cəbrayıl rayonunda yerli qəzetdə iki ilə yaxın çalışaraq təcrübəli jurnalistlərin rəğbətini qazanıb. O zamanlar gənc Fazilin oçerkləri, kiçik hekayələri mətbuatda dərc olunur, radioda səsləndirilirdi. Orta məktəbi təzə bitirmiş bir gənc üçün bu, böyük uğur idi.

Vurğulanıb ki, dili öyrənməkdə fərqləndiyi üçün hələ sovet dövründə xaricdə dil təcrübəsinin çətin və məsuliyyətli olduğu bir vaxtda o, dördüncü kursu Şimali Afrikada ən nüfuzlu təhsil ocağı sayılan Əlcəzair Universitetində oxumağa layiq görülüb. 

Qeyd edilib ki, F.Güneyin ilk hekayəsi 1965-ci ildə nəşr olunub. O, 1975-76-cı illərdə “İnşaatçı” qəzetində, 1976-1991-ci ildə isə “Kirpi” jurnalında çalışıb. Qarabağ gerçəkliklərini dünyada yaymaq üçün 1991-ci ilin əvvəlində yaradılan “AssA-İradə” Azərbaycan xəbər agentliyinin, 1997-ci ildən çıxmağa başlamış ingiliscə “AzerNews” qəzetinin təsisçisi və baş redaktorudur. Dövlətimiz qarşısında əməyi və jurnalistikanın inkişafındakı rolu nəzərə alınaraq “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunub.

Diqqətə çatdırılıb ki, Fazil Güney həm də bir alim kimi öz sözünü deyib. Onun “Müasir Suriya romanı” və “Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası” monoqrafiyası nəşr edilib, mütəxəssislər tərəfindən bəyənilib.

Sonda Fazil Güney tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni yaradıcılıq axtarışlarından söz açıb.