Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.
Bu barədə filarmoniyadan məlumat verilib.
Əlamətdar gün 1950-ci ildən başlayaraq hər il mayın 9-da Avropa qitəsinə sülh gətirmək məqsədilə qeyd olunur. Bu günün Dövlət Uşaq Filarmoniyasında qeyd olunması heç də təsadüfi deyil. Çünki uşaqlar hər zaman sülhün, ümidin və sabahın ən saf simvolu olublar.
Tədbir Azərbaycan Dövlət Uşaq Filarmoniyası, Litva Respublikası sədrliyi ilə fəaliyyət göstərən EUNIC Cluster Azerbaijan və Bakıdakı Ukrayna Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Konsertin məqsədi gənc azərbaycanlı musiqiçilərin ifasında Avropa və Azərbaycan musiqi nümunələrini təqdim etməklə mədəniyyətlərarası dialoqu və yaradıcı əməkdaşlığı təşviq etməkdir.
Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağızadə giriş sözündə tədbirin əhəmiyyətindən, musiqinin xalqları birləşdirən gücündən və gənc istedadların beynəlxalq mədəni əlaqələrin inkişafındakı rolundan söz açıb.
Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçius belə layihələrin ölkələr arasında dostluq, sülh və mədəni əməkdaşlıq ideyalarının formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Ukrayna səfirliyinin nümayəndəsi Emir Rüstəmov tədbirin təşkilinə görə təşəkkürünü bildirərək Ukrayna ilə Azərbaycan arasında mədəni əlaqələrin əhəmiyyətini vurğulayıb.
Avropa Gününə həsr olunmuş konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 14 istedadlı solisti çıxış edib. Gənc ifaçılar yüksək peşəkarlıq, səhnə mədəniyyəti və musiqiyə olan dərin sevgiləri ilə tamaşaçıların böyük rəğbətini qazanıblar. Onların hər biri səhnədə yalnız ifaçı kimi deyil, musiqinin hiss və duyğularını tamaşaçıya çatdıran əsl sənətçi kimi çıxış edib. Balaca musiqiçilərin özünəinamlı çıxışları, incə interpretasiyaları və əsərlərə fərdi yanaşmaları gecəyə xüsusi emosional ovqat bəxş edib.
Proqramda Frans Şubert, Frederik Şopen, Klod Debüssi, Feliks Mendelson kimi Avropa bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarlarından Arif Məlikov, Vasif Adıgözəlov və Xəyyam Mirzəzadənin də əsərləri səsləndirilib. Gənc solistlərin ifasında səslənən əsərlər musiqinin sərhəd tanımayan gücünü bir daha nümayiş etdirərək müxtəlif mədəniyyətləri eyni səhnədə birləşdirib.
























