Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) münasibətilə reallaşan “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində mayın 16-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının ərazisində “Şəhərin səsi” adlı mədəni proqram təqdim olunub.

Tədbir “Torpağın Səsi” və “AtəşHub” platformalarının təşkilatçılığı, Azərbaycan Respublikasının Kino Agentliyi, Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi və “Azərbaycanfilm”in dəstəyi ilə həyata keçirilib.

“Şəhərin səsi” layihəsində şəhər yalnız memarlıq və urbanistika obyekti kimi deyil, həm də musiqi, rəqəmsal incəsənət, kino irsi və müasir yaradıcı enerji vasitəsilə təqdim olunub.

Layihə çərçivəsində sovet dövrünün memarlıq irsini daşıyan “Azərbaycanfilm” binasının divarları müasir art-obyektə çevrilib. Məkanın divarlarında məşhur Azərbaycan filmlərindən Bakının görüntülərinin də yer aldığı rəqəmsal proyeksiyalar, canlı video mapping, mural konsepti, qraffiti estetikası, elektron musiqi və DJ setlər bir araya gələrək şəhərin yaddaşını, ritmini və yaradıcı enerjisini yeni formada əks etdirib.

Qeyd edək ki, “Şəhərin səsi” “Bakı Şəhərsalma Həftəsi” proqramının mühüm hissəsi kimi şəhər mədəniyyətinin gələcəyinə yaradıcı baxış təqdim edir və Bakını qlobal şəhər müzakirələri kontekstində yalnız şəhərsalma nümunəsi kimi deyil, həm də müasir mədəniyyət və yaradıcı transformasiya məkanı kimi ön plana çıxarır.