Oktyabrın 18-də Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində alman dilinin tədrisinə dair təlim təşkil edilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, təlim Höte (Goethe) İnstitutu, Alman Dili Tədris Mərkəzi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Təlimdən əvvəl çıxış edən Naxçıvan Dövlət Universiteti rektorunun müşaviri Rəcəb Cəfərli bildirib ki, ali təhsil ocağının strateji fəaliyyətində xarici dillərin tədrisi və keyfiyyətinin artırılması xüsusilə diqqətdə saxlanılır. Bu qəbildən olan fəaliyyətlərin davamı olan keçirilən təlim alman dili müəllimləri, şagird və tələbələr üçün yeni bilgilər öyrənmək baxımından səmərəli platforma rolunu oynayır.

Alman Dili Tədris Mərkəzinin direktoru Zəhra Alıyeva Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə keçirilən təlimdə çıxış etməkdən məmnun olduğunu söyləyib. O, alman dili öyrənməyin təhsil və karyera sahəsində yeni qapılar açdığını qeyd edib və bu dilin də digər xarici dillər kimi öz tədris metodikası olduğunu bildirib.

Höte (Goethe) İnstitunun təhsil layihələri üzrə koordinatoru Luka Sepaşvili isə təlimdə alman dilinə marağın yüksək olduğunu görməyin onda heyranlıq yaratdığını deyib.

Gün ərzində davam edən altı təlim sessiyasında universitetdə alman dilini tədris edən müəllimlər, “Alman dili” ixtisasında təhsil alan tələbələr və muxtar respublikada alman dilini tədris edən orta məktəb müəllimləri iştirak ediblər. Həmçinin təlimdə muxtar respublikadakı orta məktəblərin, NDU nəzdində ingilis dili təmayüllü gimnaziya və Beynəlxalq məktəbdə təhsil alan 7-14 yaşlı şagirdlərin də iştirakı təşkil olunub.

İnteraktiv təlimlər Alman Dili Tədris Mərkəzinin təlimçiləri və Höte (Goethe) İnstitutunun əməkdaşları tərəfindən təşkil edilib. Almaniyada təhsil imkanları və təqaüd proqramları haqqında infosessiya da keçirilib.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.