Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu son illər müxtəlif ölkələrin qoruq və muzeyləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və mədəni irsin tədqiqi istiqamətində addımlar atır. Bu istiqamətdə bir sıra təşəbbüslər reallaşdırılıb.  

Xəbər verdiyimiz kimi, sentyabr ayında "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə Qazaxıstan Respublikasının "Həzrət Sultan" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu günlərdə isə Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Keşikçidağ” və “Avey” Dövlət tarix-mədəniyyət qoruqları ilə Qazaxıstan Respublikasının “Sarayşık” Dövlət Tarix-Mədəniyyət Muzey Qoruğu arasında elmi-tədqiqat və təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb. İmzalanma onlayn formatda Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Yunis Nəsiblinin iştirakı ilə gerçəkləşib.

Memorandum Türk dünyası mədəni irsinin öyrənilməsi və beynəlxalq miqyasda təbliği istiqamətində mühüm addım kimi qiymətləndirilir. Sənəd tərəflər arasında elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi, arxeoloji qazıntıların və ekspedisiyaların birgə təşkili, maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, mühafizəsi və beynəlxalq elmi ictimaiyyətə təqdim olunması istiqamətində əməkdaşlığa zəmin yaradacaq.

Memorandum birgə layihələrin, sərgilərin, elmi konfransların və mədəni mübadilə proqramlarının həyata keçirilməsini, həm elmi, həm də mədəni səviyyədə təcrübə və informasiya mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində “Keşikçidağ”, “Avey” və “Sarayşık” qoruqları regionun qədim sivilizasiya mərkəzləri, mədəni əlaqələr və tarixi inteqrasiya proseslərinin araşdırılması istiqamətində birgə elmi nəticələr əldə etməyi, həmçinin ortaq türk irsinin beynəlxalq səviyyədə daha geniş tanıdılmasını hədəfləyirlər. Bu, eyni zamanda regionun arxeoloji potensialının dünyaya təqdim olunmasına və mədəni diplomatiyanın inkişafına töhfə verəcək.